Amerikalı səyahətçi Deyl Peterson Avropanın bütün paytaxt şəhərlərini ziyarət etdiyini bildirib. Onlardan bəziləri onu o qədər valeh edib ki, ora yenidən getmək istədiyini deyib. Lakin üç şəhər ona məyusedici təsir bağışlayıb və bir dəfəlik səfər yetərli olub.
HİT.az xəbər verir ki, səyahət təəssüratlarını "Business Insider" platformasındakı bloqunda paylaşan Deyl gələcəkdə bu üç şəhərə təkrar səfər etməyi planlaşdırmadığını bildirib.
Onu məyus edən Avropa paytaxtları:
London, Böyük Britaniya
Peterson bildirib ki, London turistlər üçün çox şey təklif etsə də – məsələn, möhtəşəm pulsuz muzeylər və müxtəlif mətbəxlər – şəhər ona həddən artıq reklam olunmuş və baha görünüb.
"Şəxsən mən Britaniyanın gözəl kənd rayonlarında – Kotsvolds və ya Ozer diyarında vaxt keçirməyi üstün tutaram. Və ya Şotlandiyanın Edinburq şəhərinə və Şotland yaylalarına üz tutaram", deyə o qeyd edib.
Amsterdam, Niderland
Səyahətçi şəhərin çox turistlə dolu olduğunu, mərkəzi hissəsinin bahalı tematik parkı xatırlatdığını deyib.
"Şəhərin mərkəzi suvenir dükanları və izdihamla doludur. Mərkəzdən kənar səssiz küçələri kəşf etmək mənə xoş gəldi, lakin ümumilikdə bu şəhərə geri dönməyə tələsmərəm", deyə Peterson bildirib.
Helsinki, Finlandiya
Peterson bu şəhərin çox təmiz olduğunu qəbul etsə də, onu "həddindən artıq steril" və həyatın az hiss olunduğu bir yer kimi təsvir edib.
"Bir gündə bütün əsas görməli yerləri gəzdikdən sonra vaxtımı səmərəli keçirmək çətin oldu. Məncə, Skandinaviya paytaxtları arasında Kopenhagen və Stokholm daha maraqlı və dinamikdir", deyə o bildirib.
Səyahətçinin yenidən getmək istədiyi Avropa paytaxtları
Buxarest, Rumıniya
"Rumıniya paytaxtı gözəldir və ziddiyyətlərlə doludur. Kommunist dövrünün sərt binaları Art Nouveau üslublu binalarla əvəzlənir. Şərqi Paris ləqəbinə layiq bir şəhərdir. Parlament sarayını görməkdən tutmuş köhnə şəhərdəki kafeləri gəzməyə qədər hər şey məni cəlb etdi", deyə o bildirib.
Lissabon, Portuqaliya
Peterson bu şəhəri Avropada ən sevimli yerlərindən biri adlandırıb:
"Yuxarı-aşağı küçələr, dəniz mənzərələri, səmimi atmosfer – Lissabon ideal şəhər təsiri bağışlayır. Dadlı şirniyyatlar, məsələn, 'pasteyş de nata' və münasib qiymətlər onu digərlərindən fərqləndirir".
Afina, Yunanıstan
Şəhərin bəzən səs-küylü və nizamsız olduğunu etiraf etsə də, Peterson Afinanı üç dəfə ziyarət etdiyini və hər səfərində yeni bir cazibə kəşf etdiyini bildirib:
"Xüsusilə şəhərin ortasında adanı xatırladan Anafiotika rayonu mənə çox maraqlı gəldi".
Vilnüs, Litva
Peterson bu şəhəri Avropada kifayət qədər dəyərləndirilməyən yerlərdən biri sayır:
"Vilnüsün böyük və yaşıl köhnə şəhəri, parkları, rahat atmosferi var. Tarixi öyrənmək üçün Litva knyazları sarayına, şəhərə baxmaq üçün Qediminas qalasına getmək, sonra isə Bernardin bağında kitab oxumaq əla hissdir".
Paris, Fransa
Peterson bildirib ki, Parisə nə qədər səfər etsə də, heç vaxt bu şəhərdən bezməyəcək:
"Kollec dövründə burada yaşadığımdan bəri ora tez-tez qayıdıram. Lakin hər dəfə mənə elə gəlir ki, Parisin yalnız səthi ilə tanış olmuşam. Burada hər biri fərqli olan 20 bölgəni öyrənmək üçün bir ömür kifayət etməz. Mədəniyyət, incəsənət və yemək baxımından bənzəri yoxdur".
Samir