"İsrail-İran müharibənin dünya iqtisadiyyatına müəyyən təsirləri olacaq".
Bu sözləri iqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu müharibənin dünya, region və Azərbaycan iqtisadiyyatına gözlənilən təsirləri var:
"Nəzərə almaq lazımdır ki, İran neft ixracatçısıdır. Eyni zamanda, İran həm də Hörmüz boğazı vasitəsilə bütün Fars körfəzi ölkələrindən ixrac olunan neftə də nəzarət edə bilir. Həmçinin, İsrail də dünya neft ticarətinin transit xətlərinin yanında yerləşir. Yəni buradan belə bir nəticə çıxır ki, neft qiymətləri qalxa bilər.
Neftin qiymətinin 100 dollardan yuxarı olacağı gözlənilir. Hətta daha yüksək olacağı barədə proqnozlar da var. Təbii ki, bu da neft ixracatçısı ölkələr üçün əlavə gəlir deməkdir".
Ekspert qeyd edib ki, neft və yanacaq qiymətlərinin qalxması dünyada logistik problemlər yarada bilər:
"Bunun isə müxtəlif məhsulların maya dəyərinin artmasına və ərzaq inflyasiyasına gətirib çıxarma ehtimalı var. Bütün dünyada və ölkəmizdə eyni effektləri gözləmək olar. Ümumilikdə isə müharibənin hansı ssenaridə davam edəcəyindən çox şey asılı olaq. Lakin İsrail-İran müharibəsinin dünya iqtisadiyyatı üçün uzunmüddətli neqativ təsirləri qaçılmazdır".
Mütəxəssis diqqətə çatdırıb ki, hazırkı qeyri-stabil dövrdə qızılın qiyməti bahalaşır:
"Bundan başqa, fond və səhmlər bazarlarında qiymətlərin enişi gözlənilir. Dünya iqtisadiyyatında isə artımın azalması proqnozlaşdırılır. Hətta müharibə çox genişlənərsə, artım olmayacağı ehtimalı da var. Ümumiyyətlə, çox minimal artım gözlənilir.
Dünya Bankı 2008-ci il böhranından bəri ən minimal artım proqnozunu açıqlayıb. Amma bu hələ müharibənin təzə vaxtındaydı. Yəni İsrail-İran müharibəsi bir qədər də qızışarsa, bu proqnoz daha da aşağı düşə bilər. Düşünürəm ki, əvvəlcədən proqnozlaşdırılan 2,5 faiz artım sıfıra enə bilər. Bunun isə təsiri inkişaf etməkdə olan ölkələrə olacaq".
Elçin Rəşidovun sözlərinə görə, son baş verən proseslər Azərbaycanda devalvasiya ehtimalını azaldıb:
"Doların son vaxtlarda zəifləməsi və neft qiymətlərinin artması Azərbaycan üçün devalvasiya riskini aşağı salır. Çünki ölkəmizdə devalvasiya daha çox neftin qiymətilə bağlı idi. Ölkənin özünü uzunmüddətli gəlirlərini sığortalamaq məqsədi ilə devalvasiya gedəcəyi gözlənirdi. İndi isə neft qiymətlərinin qalxması və dolların zəifləməsi devalvasiya ehtimalını təxirə salmağa imkan yaradır".
Pərviz