Almaniya və İtaliya hakimiyyət orqanlarına ABŞ-da saxlanılan ümumilikdə 245 milyard dollar dəyərindəki qızıl ehtiyatlarını geri gətirmək tövsiyə edilib.
HİT.az xəbər verir ki, bu barədə sabiq Avropa Parlamenti deputatı Fabio De Masi "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Ümumdünya Qızıl Şurasının məlumatına görə, ABŞ-dan sonra dünyada ən böyük milli qızıl ehtiyatlarına sahib olan ölkələr sırasıyla Almaniya (3352 ton) və İtaliyadır (2452 ton).
De Masi qeyd edib ki, qızıl ehtiyatlarının Avropaya qaytarılmasına dair ciddi əsaslar mövcuddur. Onun sözlərinə görə, bu addım yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan vacibdir.
Almaniyanın Bavyariya əyalətindən olan sabiq Bundestaq deputatı, "Xristian-Sosial İttifaqı" partiyasının üzvü Peter Qauvayler isə bildirib ki, ölkənin qızıl ehtiyatları məsələsində güzəştə getmək yolverilməzdir: "Əsas sual budur: son on ildə qızılın xaricdə saxlanılması daha təhlükəsiz və stabil seçim olubmu?".
2025-ci ilin aprel ayının sonunda Çikaqo Əmtəə Birjasında (CME) iyun ayı üzrə qızıl fyuçerslərinin dəyəri 2,3 faiz artaraq bir unsiya üçün 3504,2 ABŞ dollarına çatıb ki, bu da yeni tarixi rekorddur. "Bloomberg" agentliyinin yazdığına görə, qızıl qiymətlərindəki bu yüksəliş ABŞ dollarının zəifləməsi və ölkə prezidenti Donald Trampın Federal Ehtiyat Sistemini (FED) tənqid etməsi ilə əlaqəlidir.
Samir