Şərqi Afrika ölkəsi Tanzaniyada geniş izləyici kütləsinə sahib olan iki məşhur bloqçu - 32 yaşlı Cekson Kabalo və 37 yaşlı Cozef Mrindoko sosial şəbəkələrdən "qeyri-qanuni istifadə" ittihamı ilə həbs olunub.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" və Afrika mediası məlumat yayıb.
Kabalo və Mrindoko "YouTube" platformasında siyasi mövzular, korrupsiya halları, demokratiya və Tanzaniyanın milli borcu ilə bağlı materiallar paylaşdıqları populyar kanala sahib idilər. Bloqçular 20 iyun tarixində saxlanılıb. Lakin "PanAfricanVision" nəşrinin yazdığına görə, hadisənin gedişatı daha çox oğurlanma halını xatırladıb.
Belə ki, onların yaşadığı evin qarşısına "Land Cruiser" markalı avtomobillə gələn silahlı, mülki geyimli şəxslər Kabalo və Mrindokonu küçəyə çıxararaq, əl-qolunu qandallayıb yerə uzadıblar. Daha sonra evdə order təqdim etmədən axtarış aparılıb və bütün elektron avadanlıqlar götürülərək aparılıb.
Hadisəyə şahid olan qonşular və ailə üzvlərinin sənəd tələblərinə cavab verilməyib. Silahlı şəxslər özlərini polis kimi təqdim etsələr də, yalnız ictimai təzyiqlərdən sonra, 22 iyun tarixində Tanzaniya Daxili İşlər Nazirliyi rəsmən bloqçuların saxlanıldığını və sosial şəbəkələrdən "qeyri-qanuni istifadə" maddəsi ilə istintaq aparıldığını bəyan edib.
Bir çox siyasi şərhçilər hadisəni ölkədə oktyabr ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində müxalifətə artan təzyiqlə əlaqələndirirlər. Bir neçə gün əvvəl, Tanzaniyada üçüncü ən böyük siyasi təşkilat olan “Dəyişiklik və şəffaflıq alyansı” partiyasının qadın qanadına rəhbərlik edən Canet Rite də mitinq zamanı hökuməti tənqid etdiyinə görə saxlanılmışdı.
Samir