Slovakiyanın xarici işlər naziri Juraj Blanar Brüsselin “enerji təhlükəsizliyi zəmanətləri” və potensial arbitraj riskləri üçün 20 milyard avro təmin edəcəyi təqdirdə, Avropa İttifaqının Rusiyaya qarşı təklif etdiyi 18-ci sanksiyalar paketini dəstəkləməyə hazır olduğunu bildirib.
HİT.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Bazar ertəsi axşam saatlarında Blanar bildirib ki, Slovakiya hökuməti hər bir sanksiya paketini onun milli iqtisadiyyata zərər vura biləcəyinə görə qiymətləndirir:
"Danışıqlar hələ də davam edir, lakin indiyə qədər müzakirə edilənlərə əsasən, paketin Slovakiya iqtisadiyyatına mənfi təsir göstərməyəcəyi aydındır və biz onu dəstəkləməyə hazırıq".
Bununla belə, o əlavə edib ki, Slovakiya Rusiyanın enerji mənbələrindən kəsilməsinin nəticələrini yumşaltmaq üçün “zəmanətlər” və dəstək istəyəcək:
"Slovakiya Respublikasına təsir edəcək arbitraj riskləri də var. Onlar 20 milyard avroya çata bilər. Ona görə də biz bu mənfi nəticələrin necə aradan qaldırılacağına dair zəmanət tələb edirik".
Məlumata görə, Blanar təkid edib ki, Slovakiya üçün sanksiyalar paketinin müzakirəsinin Avropa Şurasına ötürülməsi və RePowerEU-nun təklifi ilə əlaqələndirilməsi siyasi baxımdan vacibdir. Nəşr yazır ki, həm o, həm də baş nazir Robert Fiko Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ölkəsi RePowerEU təşəbbüsü ilə bağlı müzakirələrə rəhbərlik edəcək Danimarkanın baş naziri Mette Frederiksen ilə görüşə can atırlar.
Həmin ərəfədə Macarıstan və Slovakiya Avropa İttifaqının Rusiya enerji resurslarının idxalından tədricən imtina etmək planlarına cavab olaraq Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bloklayıb.
Bu ilin mayında Avropa Komissiyası Rusiyadan enerji idxalından Avropa bazarına tam imtina üçün yol xəritəsini təqdim edib. Aİ Rusiyanın Ukraynaya təcavüzünə başlayandan dərhal sonra, Kreml Avropanı tədarükün kəsilməsi və yüksək enerji qiymətləri ilə şantaj etməyə başlayanda Rusiyanın qalıq yanacaqlarından asılılığını azaltmaq üçün tədbirlər görməyə başladı. Sonra Aİ enerji təchizatı mənbələrinin şaxələndirilməsini, enerji səmərəliliyinin və qənaətin artırılmasını, həmçinin Aİ-nin özündə bərpa olunan enerji mənbələrinin inkişafına prioritet investisiyaları nəzərdə tutan REPowerEU planını qəbul edib.
Bu səylərə baxmayaraq, 2024-cü ildə Aİ Rusiyadan 52 milyard kubmetr Rusiya qazı idxal edib ki, bunun da 32 milyardı boru kəmərləri vasitəsilə, 20 milyard kubmetri isə mayeləşdirilmiş qaz tədarükü vasitəsilədir ki, bu da Avropa qaz idxalının ümumi həcminin 19%-ni təşkil edir. Eyni zamanda, Aİ Rusiyadan 13 milyon ton xam neft və 2800 tondan çox nüvə yanacağı vəziyyətinə qədər zənginləşdirilmiş uran alıb.
Samir