Böyük Britaniyanın York şəhərinin mərkəzində, Müqəddəs Leonard meydanında baş verən yer çökməsi nəticəsində orta əsrlərə aid xəstəxananın qalıqları üzə çıxıb. Ərazi tədqiqatlar üçün mühafizəyə alınıb, çünki bu tapıntı şəhərin tarixi qatlarına dair önəmli məlumatlar verir.
HİT.az xəbər verir ki, "Mirror" nəşrinin məlumatına görə, fəhlələr meydanda yaranmış boşluğu örtməyə çalışarkən yerin altında geniş bir boşluq aşkar ediblər. İlkin təhlillərə əsasən, həmin boşluğun içərisində XII-XIII əsrlərə aid xəstəxananın bir hissəsi yerləşir.
Bu ərazi uzun illər əvvəl Roma legionerlərinin qalası olub. Bu fakt arxeoloqları daha geniş qazıntılara başlamağa təşviq edib. Məlum olub ki, tapıntı birbaşa yolun ortasında, əvvəllər Mint Yard adlanan və əsrlər əvvəl sökülmüş ərazidə aşkarlanıb. Sonradan bu hissədən yol çəkilmişdi.
Hazırda tapıntı yerinin ətrafı nəzarətə götürülüb ki, arxeoloqlar sıx yol hərəkəti şəraitində tədqiqatı təhlükəsiz şəkildə davam etdirə bilsinlər.
York şəhər məclisinin üzvü Keyt Ravilüs bildirib:
"Biz bu ərazidə Roma legionerlərinə aid qala qalıqlarının olduğunu bilirdik. Qazıntılar irəlilədikcə yeni məlumatları paylaşmağa davam edəcəyik".
Qeyd olunur ki, 1836-cı ildə bu ərazi Corc dövrü şəhərsalma üslubuna uyğun olaraq yenidən qurulmuş və Yorkun ən dəbdəbəli bölgələrindən birinə çevrilmişdi.
Samir