İlon Maskın təəccüblü savaş susqunluğu: Trampdan qorxur?

DÜNYA
14:41 / 25.06.2025
45

Hər mövzu barədə danışmaqdan çəkinməyən, dünya liderlərinə belə açıq şəkildə tənqid yönəltməkdən çəkinməyən İlon Musk bu dəfə gözlənilməz şəkildə sakitliyə qərq olub. ABŞ-ın İranın üç nüvə obyektinə (Fordov, Natanz və İsfahan) endirdiyi hücuma və Donald Trampın sərt açıqlamalarına baxmayaraq, X platformasında (keçmiş “Twitter”) tək bir söz belə deməyib. Bu isə ictimaiyyətin və analitiklərin diqqətindən yayınmayıb.

HİT.az xəbər verir ki, 22 iyun tarixində Donald Tramp özünün "Truth Social" platformasında “İran rejimi ölkəni yenidən böyük edə bilmirsə, rejim dəyişikliyi niyə olmasın?” deyə açıqlama verib. Dünya ictimaiyyəti artan gərginliyə fokuslandığı bir vaxtda, adətən daim aktiv olan Mask yalnız "Tesla"nın robotaksi təqdimatı ilə bağlı paylaşımlar edib.

 

 

Bu isə suallar doğurur: Niyə bu dəfə susur?

Geopolitik mövzularda daim aktiv olan Mask indi niyə səs çıxarmır? İlon Mask daha əvvəl Avropa İttifaqının miqrasiya siyasətindən tutmuş Braziliya daxilindəki siyasi proseslərə qədər hər mövzuda fikrini açıq şəkildə bildirib. Rusiya-Ukrayna müharibəsi zamanı əvvəlcə Ukraynanı dəstəkləyib, sonra isə açıq şəkildə tənqid edib. Yəni, siyasi və geopolitik mövzulardan kənar duran biri deyil.

Amma bu dəfə fərqli davranır. Və bu fərqin səbəbi bir neçə həftə əvvəl Trampla yaşadığı açıq qarşıdurma ola bilər.

 

 

Mask-Tramp qarşıdurması: Dönüş nöqtəsi

5 iyun tarixində İlon Musk Donald Trampı Ceffri Epsteyn ilə əlaqələndirən bir paylaşım edib. Lakin bu paylaşım tezliklə silinib. Ardınca isə MAGA tərəfdarlarının təzyiqləri və Tesla səhmlərinin təxminən 150 milyard dollar dəyər itirməsi Maskı nadir hallarda etdiyi bir hərəkətə məcbur edib: Üzr istəyib.

Mask üzr paylaşımında yazıb:

"Keçən həftə Prezident @realDonaldTrump barədə paylaşdığım bəzi paylaşımlara görə peşmanam. Həddindən artıq irəli getdim".

Bu hadisə, Maskın Tramp qarşısında geri çəkilməyi üstün tutduğu ilk real göstərici ola bilər. Bəlkə də İranla bağlı açıqlama verməməsinin səbəbi yenidən siyasi gərginliyə sürüklənmək istəməməsidir.

 

 

Mask üçün mövzu artıq təkcə fikir deyil - milyardlarla dollarlıq məsuliyyətdir

İlon Mask uzun illər “heç vaxt müharibə uduzmamışam” tipli cəsarətli açıqlamaları ilə yadda qalıb. Amma son olaylar göstərdi ki, hər mübarizənin qalibi olmaq olmur – xüsusilə qarşı tərəfdə Donald Tramp varsa.

Mask əvvəllər ABŞ-ın xarici müdaxilələrinə skeptik yanaşan sağçı düşüncəyə yaxın mövqedə dayanırdı. Ukrayna mövzusunda verdiyi ziddiyyətli açıqlamalar da onun uzunmüddətli xarici qarşıdurmalardan uzaq durmağa çalışdığını göstərir. Amma Trampla eyni mövqedə görünmək belə, ona bahalı siyasi qarşıdurma yarada bilər.

Bu, “strateji sükut” ola bilər

İlon Mask bu dəfə susmağı seçib. Marsın kolonizasiyası, süni intellekt, yeraltı tunellər kimi cəsarətli layihələri ilə tanınan Mask bu dəfə başa düşür ki, hər fikrin milyardlarla dollar dəyəri ola bilər. Və bəzən ən ağıllı qərar — heç nə deməməkdir.

Samir

0