Rəhbər 3 ayda 10 milyard dollar qazandı, şirkət borc içindədir

DÜNYA
10:22 / 28.06.2025
47

Süni intellekt xidmətləri göstərən “CoreWeave” şirkətinin baş direktoru Maykl İntratorun sərvəti IPO-dan (birjada ilkin səhmdar yerləşdirilməsi) sonra cəmi üç ay ərzində 10 milyard dollara çatıb. 

Valyuta.az xəbər verir ki, şirkətin mart ayında birjada listinqindən sonra səhmləri isə 300 faizədək bahalaşıb.

Şirkət haqqında deyə bilərik ki, “CoreWeave” 2025-ci ilin ən böyük texnoloji IPO-larından biri olub və 1,5 milyard dollar vəsait toplayıb. Şirkət əvvəlcə 4 milyard dollar cəlb etməyi planlaşdırsa da, daha aşağı məbləğlə kifayətlənib. Həm “Microsoft”, həm də “OpenAI” onun əsas müştəriləridir. “OpenAI” şirkətlə 12 milyard dollarlıq xidmət müqaviləsi imzalayıb və onun böyük hissəsi hələ istifadə olunmayıb.

Şirkət “Nvidia” qrafik prosessorları əsasında süni intellekt modellərinin öyrədilməsi və çıxarılması üçün bulud əsaslı xidmətlər göstərir. “Nvidia” həm də “CoreWeave”in investorlarından biridir və IPO-dan sonra şirkətdəki payını artırıb.

Bununla belə, “CoreWeave” çipləri əldə etmək üçün yüksək faizlə borc alır. Mart ayına olan məlumata görə, şirkətin ümumi borcu 8,8 milyard dollardır, bəzi kreditlər üzrə faiz dərəcəsi 15%-ə qədərdir. 2025-ci ilin ilk rübündə 985 milyon dollar gəlir əldə edilsə də, şirkət 315 milyon dollar zərərlə çıxış edib.

Maraqlıdır ki, İntrator və həmtəsisçilər Brayan Venturo və Brannin MakBi əvvəlcə kriptovalyuta mayninqi ilə məşğul olublar. Bu fəaliyyət uğursuz “hedge fund”dan sonra başlamış və sonradan AI sahəsinə keçidə əsas yaratmışdı. IPO-dan əvvəl hər üç təsisçi 150 milyon dollardan çox səhmini sataraq şəxsi gəlir əldə edib.

“CoreWeave” hazırda AI sənayesində sürətli böyümənin və yüksək riskli maliyyə modelinin simvoluna çevrilib: böyük gəlirlər, böyük borclar və böyük investor marağı.

0