Dünyanı təkbaşına gəzmək getdikcə daha çox insan üçün cazibədar bir təcrübəyə çevrilir. Lakin təcrübəli solo-səyahətçilər bildirirlər ki, bəzi məşhur turistik şəhərlər tək səyahət üçün heç də uyğun deyil və bu, yalnız təhlükəsizliklə bağlı deyil.
HİT.az xəbər verir ki, 60-dan çox ölkəni ziyarət etmiş təcrübəli britaniyalı səyyah Emili Lakston “Daily Mail” nəşrinə açıqlamasında bəzi şəhərlərin təhlükəsizlikdən başqa səbəblərlə də tək səyahət üçün əlverişsiz olduğunu bildirib.
Emili Lakstona görə solo turistlər üçün uyğun olmayan 5 şəhər:
Qahirə, Misir
"Ölkəni təkbaşına gəzmək mənə maraqlı gəldi, amma paytaxt Qahirə yeni başlayan solo-səyahətçilər üçün çoxça yorucu və çaşdırıcı ola bilər", deyə Emili bildirib.
Mərrakeş, Mərakeş
Bloqerin sözlərinə görə, şəhər gözəl olsa da, tək səyahət zamanı müəyyən dərəcədə gərginlik yaşamaq mümkündür. Yerli bazarların və küçələrin sıxlığı və diqqəti cəlb edən davranışlar buna səbəb ola bilər.
Sent-Lüsiya, Karib hövzəsi
"Burada demək olar ki, hər şey 'all inclusive' sistemində işləyir. Bu da solo səyahətçiyə uyğun atmosferin yaranmamasına səbəb olur. Daha çox bal ayı və cütlüklər üçün nəzərdə tutulmuş bir yerdir", deyə Emili qeyd edib.
Berlin, Almaniya
"Almaniya paytaxtı təkbaşına səyahət edərkən bir qədər tənhalaşdırıcı görünür. Şəhər əsasən gecə həyatı ilə tanındığından, əgər səyahətçi təkdirsə, bu atmosferi tam yaşamaq çətin ola bilər", deyə səyyah bildirib.
Havana, Kuba
“Şəhər bir az baxımsız və çətin naviqasiya olunan bir məkandır. Səyahətimin ilk günlərini tək keçirdim və bu, mənim üçün xoş deyildi. Sonradan bir dostum mənə qoşuldu və daha yaxşı vaxt keçirdik – bu da çox şeyi izah edir", deyə Emili bildirib.
Bununla belə, Emili bəzən tək səyahətin çox uğurlu keçdiyini də bildirib. Onun solo səyahət üçün ən çox bəyəndiyi şəhərlər arasında:
* Seul, Cənubi Koreya – yüksək təhlükəsizlik səviyyəsi ilə seçilir;
* Mursiya, İspaniya – rahat gəzilə bilən, insanlarla tanışlığın asan olduğu bir kurort şəhəridir.
Samir