Amerikada minilliklər boyu mövcud olmuş təhlükəli xəstəliyin genetik izləri tapıldı

DÜNYA
12:10 / 01.07.2025
55

Beynəlxalq alimlər qrupu Çilidə təxminən 4 min il əvvələ aid insan skeletlərində cüzam xəstəliyinin qədim genetik izlərini aşkar ediblər. Bu kəşf, xəstəliyin Yeni Dünyaya yalnız Avropalı müstəmləkəçilər vasitəsilə yayıldığı haqda olan ənənəvi fikirləri şübhə altına alır. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Ecology & Evolution" (NEE) jurnalında dərc olunub.

Cüzam - xroniki yoluxucu xəstəlikdir və Mycobacterium leprae və ya Mycobacterium lepromatosis bakteriyaları tərəfindən törədilir. Xəstəlik dərini, periferik sinirləri zədələyir və vaxtında müalicə olunmazsa, ciddi fiziki əngəllərə səbəb ola bilər.

Alimlər, Kirsten Bosun rəhbərlik etdiyi molekulyar paleopatologiya qrupu ilə birlikdə, cüzamın nadir törədicisi olan Mycobacterium lepromatosis bakteriyasının qədim DNT-sini ilk dəfə uğurla rekonstruksiya ediblər. Bu isə xəstəliyin Amerika qitəsində minilliklər boyu mövcud olduğunu sübut etməyə imkan verib.

"Biz təəccübləndik, çünki cüzamı adətən kolonial dövrlə əlaqələndirirlər. Lakin daha dərindən təhlil göstərdi ki, tapılan törədici M. lepromatosis formasına aiddir", deyə tapıntını ilk olaraq müəyyən edən, Kordova Universitetinin aspirantı Dario Ramires bildirib.

Tədqiqatçılar vurğulayırlar ki, bu kəşf cüzamın Amerika mənşəli ola biləcəyini göstərsə də, dəqiq nəticələr üçün əlavə sübutlara ehtiyac var.

“Xəstəliyin həqiqi mənşəyini müəyyən etmək üçün müxtəlif bölgə və dövrlərdən daha çox qədim genom məlumatına ehtiyac var”, deyə Kirsten Bos əlavə edib.

Qeyd edək ki, cüzam bu gün də dünyanın bəzi ölkələrində ciddi sağlamlıq problemi olaraq qalır. Bu tədqiqat nəticələri isə xəstəliyin təkamülü və yayılma yollarını daha yaxşı başa düşməyə kömək edə bilər.

Samir

0