"Amerikalı milyarder və sahibkar İlon Mask prezident Donald Trampla münaqişəyə görə ABŞ-da yeni partiya yaratmayacaq, çünki ölkədə yalnız demokratlar və respublikaçıların nüfuzu var".
HİT.az xəbər verir ki, bunu News.ru-ya müsahibəsində amerikalı politoloq Malek Dudakov deyib.
"Düşünürəm ki, İlon Maskın hazırkı bəyanatını Tramp administrasiyası ilə bir növ yeni böyük münaqişə adlandırmaq çox güclüdür. Biz qətiliklə ABŞ-da üçüncü nüfuzlu tərəfin peyda olmasını gözləməməliyik", deyə Dudakov bildirib.
Ekspert xatırladıb ki, ABŞ-da artıq üçüncü qüvvə yaratmaq cəhdləri edilib, lakin Amerika seçki sistemi ikipartiyalı sistem üçün nəzərdə tutulub və buna görə də bu cür təşəbbüslər uğursuzluqla nəticələnib.
Politoloqun fikrincə, 2026-cı ildə keçiriləcək aralıq seçkilərinə yaxın Mask demokratlarla çox ciddi konfliktə girdiyi üçün yenidən Respublikaçılar Partiyasını dəstəkləməyə başlayacaq.
Bundan əvvəl amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini yenidən tənqid edərək, ABŞ-da yeni siyasi partiyanın mümkün adı ilə bağlı fərziyyə irəli sürüb. Mask artıq yeni siyasi partiyanın yaradılmasının zəruriliyini bəyan edib, çünki onun fikrincə, müasir amerikalılar birpartiyalı ölkədə yaşayırlar və insanların qayğısına qalacaq platforma lazımdır.
Samir