1 iyul 2025-ci il tarixindən etibarən Danimarka Avropa İttifaqı Şurasına altı aylıq sədrliyi üzərinə götürüb.
HİT.az xəbər verir ki, ölkənin baş naziri Mette Frederiksen və Avropa məsələləri üzrə naziri Mari Byerre sədrliyin ilk günlərindən prioritetlərini açıq şəkildə bəyan ediblər: Danimarka Aİ-ni daha rəqabətli, ekoloji dayanıqlı və təhlükəsiz bir birlik halına gətirmək niyyətindədir. Təhlükəsiz Avropa isə ilk növbədə miqrasiyaya nəzarət etmək deməkdir.
1-ci məqsəd: 2030-cu ilə qədər ABŞ-a ehtiyac olmadan hərbi gücə çevrilmək
Xüsusilə keçmiş ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları səbəbindən Danimarka üçün bu məsələ daha da həssas xarakter daşıyır. Mari Byerre "Politico" nəşrinə verdiyi müsahibəsində bildirib:
"Biz dünyanın ən böyük ticarət blokuyuq. Amma hərbi və siyasi gücə malik deyilik, beynəlxalq məsələlərdə Avropanın səsi əhəmiyyət daşımır".
Byerreyə görə, Avropanın fikirləri, məsələn, Yaxın Şərq münaqişəsi kontekstində, beynəlxalq arenada ciddi qəbul edilmir. Bu səbəbdən, Danimarka Avropa müdafiə sənayesini və Ukrayna ilə müdafiə əməkdaşlığını gücləndirmək niyyətindədir. Ölkə, həmçinin Ukraynanın Aİ-yə üzv olmaq istəyini dəstəkləyir.
2-ci məqsəd: Qeyri-qanuni miqrasiyanın qarşısını almaq və miqrantları deportasiya etmək
Byerre hesab edir ki, miqrantlar təhlükəsiz üçüncü ölkələrə qaytarılmalıdır. Bunun üçün Aİ daxilində qəbul mərkəzləri və qaytarılma mexanizmləri üçün hüquqi baza yaradılmalıdır. Danimarka, həmçinin Avropa İnsan Haqları Konvensiyasına dair müzakirələrə başlamaq istəyir. Çünki konvensiyaya əsasən, “sığınacaq” sözünü söyləyən hər kəsin Avropaya giriş və müraciət haqqı var. Danimarka isə iddia edir ki, Avstraliya və Kanada da Cenevrə Qaçqınlar Konvensiyasını imzalayıb, lakin miqrasiyaya ciddi nəzarət tətbiq edir – Avropa isə bu sahədə zəifdir.
Bu sərt xətt bir sıra Aİ ölkələri, o cümlədən Almaniya tərəfindən də dəstəklənir. Eyni zamanda Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyası da bu mövqeyi bölüşür.
3-cü məqsəd: 2050-ci ilə qədər iqlim neytrallığı
Danimarka Aİ-nin 2050-ci ilə qədər iqlim baxımından neytral bir iqtisadi sahəyə çevrilməsini hədəfləyir. Bunun üçün yaşıl texnologiyalara və təmiz sənayeyə böyük sərmayələrin yatırılması planlaşdırılır.
Danimarka rəhbərliyi, həmçinin Brüsseldəki bürokratik sistemin səmərəsizliyindən qurtulmaq istəyir. Avropa Parlamentinin deputatı Morits Körner Almaniyanın "Bild" qəzetinə verdiyi açıqlamada deyib:
"Artıq bürokratik cəngəlliklərdə yol açmağın və Avropanın qadağalarla bağlı ifrat aludəçiliyinə son qoymağın vaxtı çatıb".
Samir