Müharibə illəri ərzində Ukrayna yalnız yeni silahların deyil, həm də onların hazırlanmasına dair yanaşmaların sınaqdan keçirildiyi silah fabrikinə çevrilib.
HİTaz xəbər verir ki, "Bloomberg" nəşrinin yazdığına görə, Ukrayna ilə Rusiya arasında davam edən müharibə dövründə quru və hava pilotsuz uçuş aparatları (PUA) döyüş meydanını birdəfəlik dəyişib. Bu texnologiyaların ilk geniş və uğurlu tətbiqi məhz bu münaqişə zamanı müşahidə olunub. Hazırda Ukraynada daxili silah istehsalı artırılır və gələcəkdə müasir müharibələrin gedişinə təsir edəcək yeni həllər hazırlanır.
Məqalənin müəllifi iki yerüstü dronun sınağını müşahidə etdiyini yazır. Bu dronlar yük daşıya və ya məsafədən mina yerləşdirə bilir. Onun fikrincə, bu texnologiyalar müasir müharibələrin gələcəyinin göstəricisidir və hazırda Ukraynada tətbiq olunur.
Məqalədə qeyd olunur ki, üç il yarım davam edən genişmiqyaslı müharibə Ukraynanı döyüş meydanını dəyişən silah fabrikinə çevirib. Yeni texnologiyalar dünyanın istənilən nöqtəsi ilə müqayisədə qat-qat az xərc və rekord qısa müddət ərzində hazırlanır və tətbiq olunur.
Bildirilib ki, Ukrayna hələ də Rusiya raketlərinin qarşısının alınmasında ABŞ kəşfiyyatına və müttəfiqlərin hava hücumundan müdafiə sistemlərinə güclü şəkildə bağlıdır. Bununla belə, prezident Volodimir Zelenski bildirib ki, Ukraynanın silah arsenalının təxminən 40 faizi ölkə daxilində istehsal olunur. Zelenskinin strateji məsələlər üzrə müşaviri Oleksandr Kamışin deyib ki, Ukrayna zavodları iri miqdarda zirehli texnika istehsal etməyə qadirdir.
"Bloomberg"in yazdığına görə, müharibənin xarakterini dəyişən əsas amil PUA-ların istifadəsi olub. Ukrayna bu texnologiyalardan Rusiya mövqelərinə hücum və tankları sıradan çıxarmaq üçün geniş şəkildə istifadə edir. Məqalədə Rusiya Hərbi Hava Qüvvələrinin uzaq bazalarındakı strateji bombardmançı təyyarələrə dron zərbələri də nümunə kimi göstərilir. Qiymətləndirmələrə əsasən, Ukrayna qüvvələrinin məhv etdiyi Rusiya texnikasının təxminən 70 faizi pilotsuz vasitələrlə vurulub. Bundan başqa, döyüş meydanında FPV-dronların hücumu ilə hərbçilər daim təhlükə altında olur.
Digər tərəfdən, Rusiya da müasir döyüş şəraitinə uyğunlaşır. Kreml İran istehsalı olan "Şahed" dronlarını modernləşdirib, siqnal boğulmasına qarşı davamlı olan fiber-optik kabel vasitəsilə idarə olunan pilotsuz aparatlardan istifadə edir. Rusiya Müdafiə Nazirliyinə yaxın analitik mərkəz bildirir ki, 2025-ci ilin may ayında döyüş dronlarının istehsalı təxminən 17 faiz artıb. "Bloomberg" bu mövzuda belə yazır:
"Rusiya istehsalı standartlaşdırmağı və miqyaslandırmağı bacarır – bu, böyük həcmdə texnikanın buraxılmasına imkan verir. Ukrayna isə kreativlik və yeniliklərə üstünlük verir. Hansı model üstünlük qazanacaqsa, nəticədə müharibəni də o müəyyən edəcək".
Nəşr Ukraynada informasiya texnologiyaları sahəsində mütəxəssis olan Yeqor Dudinovla da söhbətləşib. O, müxtəlif elektron siqnalları aşkar edən cihaz üzərində işləyir. Onun komandasının hazırladığı cihaz düşmən radarları, siqnal boğucuları və PUA operatorları tərəfindən 30 kilometr məsafədən yayılmış siqnalları müəyyən edə bilir. Bildirilib ki, bir çox ukraynalı texnoloq maliyyə çatışmazlığı və qısa vaxt çərçivəsində işləməyə məcburdur.
“Cəbhədə vəziyyət heç vaxt indiki qədər sürətlə dəyişməyib. Ən vacib məsələ, yeni texnologiyaları döyüş şəraitində mümkün qədər tez sınaqdan keçirməkdir”, – deyə Dudinov bildirib.
Məqalədə qeyd olunub ki, yaxın gələcəkdə daha mühüm dəyişikliklər ola bilər. Hərbi-texnoloji startaplara yönəlmiş vençur fondu bu istiqamətdə yeni sıçrayışları araşdırır. Məsələn, bir layihə lazerlə hədəf nişanlamanı və həmin hədəfi avtomatik izləyən dronların istifadəsini nəzərdə tutur. Başqa bir layihədə isə düşmənin GPS siqnallarını sıradan çıxarmaq üçün yaydığı süni "səs-küy"ü süzgəcdən keçirən xüsusi mikroçiplər və proqram təminatı hazırlanır. Daha bir yenilik isə, "Şahed" tipli dronları vurmağa qadir ucuz raketlərin təkmilləşdirilməsi ilə bağlıdır və bu sınaqlar adətən sadə qaraj şəraitində aparılır.
Samir