Kainatın dərinliklərində gizlənən, indiyədək müəyyən edilməsi demək olar ki, mümkün olmayan yeni bir qara dəlik növü kəşf edildi. Tədqiqatçılar adi təsnifatlara uyğun gəlməyən bu cisimlərə "orta kütləli qara dəliklər" (intermediate-mass black holes - IMBHs) adını veriblər. Onlar nə ulduzlardan yaranan kiçik qara dəliklərə bənzəyir, nə də qalaktikaların mərkəzində nəhəng kütlələri ilə hökm sürən superkütləli qara dəliklər qədər ağırdır. Bu cisimlər sanki kainatın qara dəliklər şkalasında itmiş bir halqanı təmsil edir.
HİT.az xəbər verir ki, elm dünyasında uzun müddətdir bu orta ölçülü qara dəliklərin mövcud olub-olmadığı müzakirə edilirdi. Bir tərəfdə bir neçə Günəş kütləsinə malik kiçik qara dəliklər, digər tərəfdə isə milyardlarla Günəş kütləsinə çatan superkütləli nəhənglər var idi. Bu ikisi arasındakı boşluq isə böyük bir sirr olaraq qalırdı. Bu boşluğu doldura biləcək orta kütləli qara dəliklərin (İMBH) izini axtaran astronomlar Avropadakı Virgo və ABŞ-dakı LİQO (LIGO) qravitasiya dalğası detektorlarından istifadə etdilər.
Bu inkişaf etmiş detektorlarla aparılan müşahidələr Günəş kütləsinin təxminən 100 ilə 300 qatı arasında dəyişən çox sayda qara dəliyin izini aşkarladı. Tədqiqatçılara görə bu "yüngül" (lite) qara dəliklər çox güman ki, digər qara dəliklərin birləşməsi nəticəsində yaranır.
2019-2020-ci illər arasında aparılan müşahidələr zamanı LİQO-Virgo şəbəkəsi bu meyarlara uyğun gələn 11 birləşmə hadisəsini qeydə alıb. Bu birləşmələr orta kütləli qara dəliklərin kainatdakı mənşəyinə dair əhəmiyyətli ipuçları daşıya bilər.
Kəşf nüfuzlu "The Astrophysical Journal Letters" elm jurnalında dərc edilən ətraflı məqalə ilə ictimaiyyətə elan edildi. Əsərdə bu orta kütləli qara dəliklərin necə təsnif edildiyi, hansı üsullarla müəyyən edildiyi və niyə bu qədər əhəmiyyətli olduğu izah olunur.
Elm adamlarının fikrincə bu cür kəşflər təkcə qara dəliklərin təbiətini aydınlaşdırmaqla kifayətlənmir; eyni zamanda kainatın ilk dövrlərinə və ulduzların necə yaranıb məhv olduqları haqqında kritik məlumatlar təqdim edə bilər.
Samir