"Bild" qəzeti Ukraynanın Almaniyadan tələb etdiyi silahların gizli siyahısını dərc edib. Lakin Almaniya tərəfinin bu sorğuya cavabı hələ ki, açıqlanmayıb.
HİT.az xəbər verir ki, "Bild"in məlumatına görə, Kiyev dörd IRIS-T SLM zenit-raket kompleksi, həmçinin 2000 idarə olunan raket istəyir - IRIS-T SLM orta mənzilli sistemi üçün 1500 və IRIS-T SLS qısa mənzilli sistemi üçün 500 ədəd.
Bundan əlavə, siyahıya pilotsuz təyyarələrə qarşı hava hücumundan müdafiə üçün 200 000 40 mm-lik mərmi, 1000 MRAP zirehli texnikası, 200 müxtəlif modifikasiyalı tırtıllı maşın, 30-a qədər mühəndis tankı və WiSENT minatəmizləmə maşını, 200 yolsuzluq avtomobili, 1000 elektron döyüş stansiyası və REA2 sistemi daxildir.
IRIS-T SLM Almaniyanın "Diehl Defence" şirkəti tərəfindən istehsal olunur. Sistem 40 km-ə qədər tutma məsafəsinə malik ən müasir zenit sistemlərindən biri hesab olunur.
"Bild"in yazdığı kimi, 2022-ci ildən Almaniya Ukraynaya təxminən 12,8 milyard avro hərbi yardım ayırıb, o cümlədən 5,2 milyard avro Bundesver ehtiyatlarından, 7,6 milyard avro isə sənayedən alışlar üçün. 2025-ci ildə Berlin Kiyevə 56 MRAP, üç "Gepard" özüyeriyən zenit silahı, 41 min mərmi və IRIS-T raketləri çatdırıb.
Samir