Səudiyyədə edamlar artır: DÇ-2034 planları "suya düşə" bilər

DÜNYA
21:33 / 07.07.2025
42

Səudiyyə Ərəbistanında edamların sayında ciddi artım müşahidə olunur və bu dalğadan əsasən əcnəbilər zərər çəkir. 

HİT.az xəbər verir ki, “Amnesty International” təşkilatının məlumatına görə, krallıqda ölüm hökmü halları “dəhşətli dərəcədə” artır və bu cəzanın əsasən narkotiklərlə bağlı cinayətlərə görə tətbiq edilməsi narahatlıq doğurur. Edam olunanların böyük əksəriyyəti Pakistan, Suriya, İordaniya, Yəmən, Misir və Somali vətəndaşlarıdır.

Təşkilatın region üzrə eksperti Kristina Bekerle bildirib: “Biz doğrudan da qorxunc bir tendensiyanı izləyirik: əcnəbi vətəndaşlar sürətlə artan templə edam olunur — elə cinayətlərə görə ki, bu hallarda ölüm hökmü tətbiq edilməməlidir".

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı özünü müasir və tərəqqipərvər dövlət kimi göstərməyə çalışsa da, bu görüntünün arxasında “qorxunc və həyati təhlükəli bir reallıq” gizlənir.

“Amnesty International”ın məlumatına əsasən, 2014-cü ildən bu ilin ortalarına qədər Səudiyyə Ərəbistanında təxminən 1800 nəfər edam olunub. Onlardan demək olar ki, üçdə biri narkotiklərlə əlaqəli cinayətlərə görə edam edilib. Bu kateqoriyada isə edam olunanların təxminən 75%-i əcnəbilərdir. Yalnız iyun ayında 46 nəfər edam olunub.

Narkotiklərlə bağlı cinayətlərdən əlavə, ölkədə ölüm hökmü hələ də müntəzəm şəkildə tətbiq olunur. Bu il, məsələn, qadın haqları və korrupsiya mövzusunda yazan jurnalist Turki əl-Cassir “terrorçuluq” və “milli təhlükəsizliyə təhdid” ittihamları ilə edam edilib.

“Amnesty International”ın məlumatına görə, ötən il 345 nəfərin edamı həyata keçirilib - bu, son 30 ilin ən yüksək göstəricisidir. Bütün bu faktlara baxmayaraq, Səudiyyə Ərəbistanı öz beynəlxalq imicini “açıq və müasir ölkə” kimi formalaşdırmaq cəhdlərini davam etdirir. Bu məqsədlə ölkə turizmin inkişafı, iri miqyaslı layihələr və 2034-cü ildə futbol üzrə dünya çempionatının keçirilməsi kimi təşəbbüslərə önəm verir.

Samir
 

0