Amerikalı milyarder İlon Mask yeni partiya quraraq bütün diqqətləri öz üzərinə çəkdi.
O, Prezident Donald Trampla yaşadığı gərginlik fonunda "Amerika" adlı yeni siyasi partiya qurduğunu elan etdi.
Maraqlıdır, Mask nə etməyə çalışır?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Donald Trampın ABŞ-də ikinci dəfə hakimiyyətə gəlişi müəyyən bir koalisiyanın ortaqlığı ilə həyata keçirilib:
"Bir tərəfdə, Amerikan millətçiləridir. Onlar, ABŞ-nin dünyadan təcrid olunaraq ancaq öz vətəndaşlarını, öz maraqlarını düşünməsi gərəkdiyini tələb edirlər.
Digər tərəfdə isə respublikaçılar və müasir texnokratlar dayanır. Hansılar ki, informasiya texnologiyası sahəsində süni intellektə xüsusi yatırım qoyulmasını istəyirlər. Onlar, həm də texno-oliqarxlar adlanırlar. Ancaq son zamanlarda Trampla Mask arasındakı münasibətlər pozulub".
Politoloqun sözlərinə görə, İlon Mask texno-oliqarxlara aid bir partiya qurmaq istəyirdi:
"Ona görə bu addımı atdı. Yəqin ki, Mask burada tək olmayacaq. Çünki o, təkbaşına mübarizə apara bilməz. Hesab edirəm ki, İlon Maskın "Amerika" adlı partiyası texnoloji şirkətlərin dəstəyini qazanaraq hansısa nəticə əldə edə bilər.
İndiki halda texno-oliqarxların dövlət adamları kimi güclü olduqlarını görürük. Əslində, Trampın süni intellektə yatırım etməsi və onları vergidən azad etməsi də texno-oliqarxların hakimiyyətdəki gücünün təzahürüdür.
Böyük ehtimalla, Donald Tramp növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməyəcək. Amma 2028-ci ildə keçiriləcək seçkilərdə Maskın partiyası onlara kifayət qədər problem yarada bilər".
Pərviz