“Azovstal” (Ukrayna) müdafiəçisi, serjant Mixail Dianov müharibənin əvvəlində bütün dünyada məşhurlaşan fotosundan sonra əsirlikdən qayıdaraq evlənib.
HİT.az xəbər verir ki, o, gələcək həyat yoldaşı Miroslava ilə ötən ilin payızında tanış olub. Hər ikisi Ternopoldandır və hazırda da orada yaşayırlar.
“Biz tanış olanda elə bildim, o məndən on yaş kiçikdir. Amma məlum oldu ki, sadəcə on gün fərqimiz var. Biz eyni dövrdən, eyni şəhərdən olan insanlarıq, eyni dildə danışırıq, eyni musiqini sevirik. Çox yaxın insanlarıq”, deyə Dianov “Hromadske”yə müsahibəsində bildirib.
Dianov tanınmış şəxsə çevrilsə də, sakit və təcrid olunmuş həyat tərzi sürür. Xatırladaq ki, “Azovstal” zavodunun altında ukraynalı hərbçilər və mülki şəxslər 2022-ci il mayın 20-dək gizlənmişdi və sonradan təslim olmağa məcbur qalmışdılar. Mixailin çirkli, yaralı vəziyyətdə, üzündə təbəssümlə “qələbə” işarəsi göstərdiyi foto o zaman dünya mediasında geniş yayılmışdı. Daha sonra onu Rusiya əsgərinin müşayiəti ilə tualetə aparan başqa bir şəkli də məşhurlaşmışdı.
Hazırda əsirlikdən qayıtmış serjantın zahiri görünüşündə yaşadıqlarını xatırladan çox az şey qalıb. O, həyat yoldaşı ilə birgə doğma Ternopolda ev tikir. 1 maydan etibarən isə polis orqanlarında yeni işə başlayıb. Əllərindəki sinir zədəsi səbəbilə barmaqları tam funksional olmasa da, əməliyyat keçirib və müalicəsi davam edir.
“Müharibə, Azovstal və Yelenovka mənim həyatımın artıq keçmişdə qalan bir hissəsidir. Onları xatırlayıram, amma artıq hər şey yaddaşımda bir qədər solğunlaşıb. Müharibə çox ədalətsiz bir şeydir. Amma orada olduğuma görə peşman deyiləm, əksinə, fəxr edirəm. Əsirlikdən və müalicədən sonra Silahlı Qüvvələrə qayıtmağı planlaşdırırdım. Bu barədə danışdığım insanların 99 faizi bunu ağılsızlıq sayır və deyirdilər ki, sən artıq öz yolunu keçmisən, qoy indi başqaları vuruşsun. Amma mən belə düşünmürdüm. Əgər Tanrı mənə ikinci şans versəydi, yüz faiz yenidən döyüşə gedərdim”, deyə Dianov bildirib.
Samir