Alimlər bir dişdən çıxarılan DNT ilə qədim misirli haqqında bioqrafiya yazdı

DÜNYA
19:25 / 08.07.2025
42

Alimlərin beynəlxalq qrupu ilk dəfə olaraq, təxminən 4500 il əvvəl (ilk piramidaların tikildiyi dövrdə) Qədim Misirdə yaşamış bir insanın həyat tərzi barədə detalları açıqlayıb. Bunun üçün onun dişində qorunub saxlanılmış DNT-dən istifadə edilib. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.

DNT nümunəsi Qahirədən təxminən 265 kilometr aralıda yerləşən Nüveyrat yaşayış məntəqəsində tapılmış kişi cəsədindən götürülüb. Qalıqlar hələ 1902-ci ildə aşkar edilsə də, texnoloji məhdudiyyətlər səbəbilə onları yalnız indi öyrənmək mümkün olub. Tədqiqat demək olar ki, 40 il çəkib.

Təhlil göstərib ki, misirlinin genomunun təxminən 80%-i Qədim Şimali Afrika populyasiyaları, qalan 20%-i isə Qərbi Asiya sakinləri ilə uyğun gəlir. Bu, Misirin müasir İraq, İran və İordaniya regionları ilə erkən mədəni və demoqrafik əlaqələri haqqında arxeoloji məlumatları təsdiqləyib.

Sümük və dişlərin vəziyyəti əsasında Qədim Misir sakininin bioqrafiyasının detalları da müəyyən edilib. Kişi dulusçuluqla bağlı ağır fiziki işlə məşğul olub. Lakin onun keramik qabda dəfn edilməsi yüksək sosial statusa malik olduğunu göstərir. Alimlər hesab edir ki, o, sənətkarlıq sayəsində ictimai nərdivanda yüksəlmiş bacarıqlı bir ustadır.

Kimyəvi təhlil təsdiqləyib ki, həmin şəxs Misir ərazisində böyümüş və başqa regiondan oraya gəlməyib.

"Bu insan Qədim Misirdə dəyişikliklərin baş verdiyi əsas dövrdə yaşamışdır və onun genomu bizə o zaman insanların hərəkətliliyi barədə ilk birbaşa sübut təqdim edir", deyə Frensis Krik İnstitutunun Qədim Genomika Laboratoriyasının rəhbəri Pontus Skoqlund qeyd edib.

Tədqiqatçılar ümid edirlər ki, qədim misir qalıqlarının sonrakı öyrənilməsi əhali miqrasiyasını daha dəqiq izləməyə və dünyanın ilk sivilizasiyalarından birinin necə formalaşdığını başa düşməyə kömək edəcək.

Samir
 

0