Kaliforniya Universitetinin İrvayndəki (İrvin) tədqiqatçıları xüsusiyyətlərinə görə Yerə yaxın olan və onun potensial analoqu hesab edilə bilən Kepler-22b ekzoplanetini kəşf edib.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri elmi preprintlər portalı "arXiv"də dərc edilib.
Ekzoplanet Günəş sistemindən kənarda yerləşən hər hansı bir planetə deyilir. Tədqiqat çərçivəsində alimlər NASA-nın (Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) məlumat bazasında qeydiyyata alınmış 517 belə obyekti təhlil ediblər.
Alimlər ekzoplanetlərin radius və sıxlıq, Günəş radiasiyasının səviyyəsi, səth temperaturu, fırlandıqları ulduzun xüsusiyyətləri də daxil olmaqla səkkiz əsas parametrini öyrəniblər. Tədqiqatçılar həmçinin, planetlərin formalaşmasına və kimyəvi tərkibinə təsir edən, ulduzdakı hidrogen və heliumdan daha ağır elementlərin miqdarını ifadə edən metallıq göstəricisini də nəzərə alıblar.
Tədqiqatçılar planetləri Yerlə oxşarlıq dərəcəsinə görə təsnif etməyə imkan verən yeni bir qiymətləndirmə sistemi hazırlayıblar. Bu modelə görə, təhlil edilən obyektlərin yalnız 0,6%-i – özündə Yer də daxil olmaqla cəmi üç planet – potensial yaşama qabiliyyəti üçün bütün əsas meyarlara cavab verir. Onlar arasında parametrlərinə görə ən yaxın obyekt, Qu (Qarabuda) bürcündə yerləşən Kepler-22b olub. Bu bürc səmanın şimal yarımkürəsində yerləşir və Süd Yolu boyunca uzanır.
Müəlliflərin sözlərinə görə, digər ekzoplanetlərin təxminən 75%-i xüsusiyyətlərinə görə uyğun ulduzların ətrafında fırlanır, lakin özləri həyat üçün zəruri olan şəraitə malik deyillər. Təxminən 1,2%-i isə – formal olaraq yaşamaq üçün yararlı ola bilən, lakin kütləcə kiçik və soyuq ulduzların (spektral M tipli qırmızı cırtdanlar) ətrafında fırlanan planetlərin təşkil etdiyi – "sərhəd halları" olub. Belə ulduzların ətrafında həyat üçün şərait qeyri-sabit və ya ekstremal ola bilər.
Samir