"ABŞ Prezidenti Donald Tramp hələ hakimiyyətə gəlməmişdən əvvəl dəfələrlə dünyada baş verən müharibələri dayandıracağı ilə bağlı vədlər vermişdi".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Tramp hakimiyyətə gələndən sonra da zaman-zaman Rusiya-Ukrayna və İsrail-HƏMAS arasında sülhün əldə olunması istiqamətində çağırışlar edib:
"Hətta Ağ Ev lideri son günlərdə Qəzzada atəşkəs elan olunacağını açıqlayıb. Lakin İsrail və HƏMAS arasında atəşkəsin əldə olunması və müharibənin tamamilə dayandırılması çox çətindir. Çünki tərəflərin tələbləri kifayət qədər bir-birinə əks-mütənasibdir.
İsrail HƏMAS-ın tamamilə tərk-silah olunmasını və ümumiyyətlə Qəzza zolağının bu və ya digər şəkildə nəzarəti öz əlində saxlanması şərtləri ilə atəşkəsə razılıq verir. HƏMAS isə əsr və girovların qaytarılması, eləcə də İsrail əsgərlərinin Qəzza zolağından çıxmasını tələb edir. Ancaq İsrail Qəzza zolağından çıxmaq fikrində deyil. Üstəlik, ABŞ də bununla bağlı rəsmi Təl-Əvivə hansısa təzyiq göstərmir".
Ekspert qeyd edib ki, Tramp Netanyahuya təzyiq göstərməlidir:
"Tramp dediyi kimi Qəzzada müharibənin tamamilə dayandırılmasını istəyirsə, ilk növbədə bu istiqamətdə İsrailə, konkret olaraq Benyamin Netanyahu hakimiyyətinə təzyiq göstərməlidir.
Nəzərə almaq lazımdır ki, humanitar böhran yaşayan, infrastrukturu tamamilə dağılmış Qəzzada hazırda əsgəri olan tərəf məhz İsraildir. Düşünürəm ki, yekun sülh İsrailin həmin ərazilərdən çıxması fonunda əldə oluna bilər".
Rəşad Bayramovun sözlərinə görə, İsrail və Fələstin arasında uzun illər ərzində mövcud olan bu qarşıdurmanın tamamilə aradan qaldırılmasının tək yolu iki dövlət prinsipinin təmin edilməsidir:
"Yəni qarşılıqlı olaraq İsrail tərəfindən Fələstin dövlətinin, Fələstin tərəfindən də İsrail dövlətinin tanınması və tərəflər arasında dəqiq sərhədərin müəyyənləşdirilməsi lazımdır. Bu baş verəcəksə, onda dayanıqlı sülhdən də danışmaq mümkün olacaq. Əks halda, qısamüddətli atəşkəs razılaşmaları effekt verməyəcək. İndiki halda isə Qəzzada atəşkəs əldə olunsa belə, müharibənin yenidən başlama ehtimalı çox yüksək olacaq".
Pərviz