Çin imperatorunun məzarında dünyanın ən qədim polad iynələri tapıldı

DÜNYA
09:30 / 09.07.2025
65

Çinin şərqində yerləşən Ciansi vilayətindəki məşhur bir məzarda aparılan arxeoloji qazıntılar zamanı təxminən 2000 il yaşı olan və "akupunktura iynələri" hesab edilən qədim polad iynələr aşkar edilib. 

HİT.az xəbər verir ki, bu barədə "Interesting Engineering" məlumat yayıb.

Qədim iynə formalı bu artefaktlar Qərbi Xan sülaləsinin imperatoru olmuş və sonradan "Xayxun markizi" kimi tanınan Liu Xenin məzarında tapılıb. Çin dövlət nəşri "Global Times" yazır ki, bu nadir tapıntı Xan sülaləsinin qabaqcıl metallurgiya texnologiyaları və tibbi təcrübələri barədə yeni məlumatlar verir.

Maraqlıdır ki, bu iynələr beş ədəd olub və qırıq nefrit borunun içində, kiçik qızıl suyuna çəkilmiş laklı qutuda yerləşdirilmişdi. Arxeoloqlar güclü korroziyaya uğramış bu iynə bənzər fraqmentlərin qorunmasına xüsusi diqqət yetiriblər. Qazıntı işlərinin rəhbəri Yan Cyunun sözlərinə görə, iynələrdən yalnız biri tam çıxarılıb, digərləri torpaqda, parçalanmış parçaların içində qalıb.

Aparılmış geniş texniki analizlər göstərib ki, bu artefaktlar "qovurma prosesi" adlanan erkən polad istehsalı üsulu ilə hazırlanmış poladdandır. Bu texnologiya tökmə dəmir və döymə dəmirin əridilərək birləşdirilməsini nəzərdə tutur. Araşdırma göstərir ki, bu iynələr cəmi 0,3–0,5 millimetr diametrindədir və müasir akupunktura iynələrinə çox bənzəyir. Bu qədər dəqiq alətlərin hazırlanması iki min il əvvəl yüksək ustalıq səviyyəsinə çatıldığını sübut edir.

Məzarda aşkarlanmış taxta etiketi üzərində "doqquz iynə dəsti" yazısı olub. Pekin Universitetinin tədqiqatçısı Van Çunin bildirib ki, bu, həmin iynələrin qədim tibbi mətnlərdə təsvir olunan "doqquz iynə"dən biri olduğunu təsdiqləyir.

Qeyd edilir ki, qədim dövrlərdə akupunktura kobud daş və ya metal alətlərlə həyata keçirilirdi. Polad iynələrin üstünlüyü ondadır ki, dəmir iynələr tez paslanır və infeksiya riski yaradır, qızıl və gümüş iynələr isə çox yumşaq olduğu üçün incə şəkildə formalaşdırıla bilmir.

Mütəxəssislər hesab edirlər ki, poladın istifadəsi daha dəqiq və effektiv akupunktura üsullarının meydana çıxmasına şərait yaradıb və iynələrin bədəndə daha uzun müddət qalmasına imkan verib. Bu isə daş və sadə metal alətlərlə müqayisədə böyük irəliləyiş sayılır.

Bu tapıntı, eyni zamanda, qədim Çin təbabətinin tarixi və inkişafı barədə yeni baxış bucağı formalaşdırır.

Samir


 

0