Aralıq dənizinin açıqlarında aparılan tədqiqatda, qorunan mərcan riflərində indiyə qeydə alınmış ən yüksək mikroplastik sıxlıqlarından biri müəyyən edildi. Alimlər hissəciklərin əksəriyyətinin mərcanlar tərəfindən udula biləcək qədər kiçik olduğunu vurğulayır.
HİT.az xəbər verir ki, Aralıq dənizində tənha və qorunan bir adada aparılan elmi tədqiqat, mikroplastik çirklənməsi ilə bağlı yeni və qorxulu nəticələr üzə çıxardı. İspaniya sahillərindən təxminən 50 kilometr aralıda yerləşən Columbretes Adaları dəniz qoruğunda aparılan işdə alimlər, Aralıq dənizində indiyə qeydə alınmış ən yüksək mikroplastik sıxlıqlarından birini müəyyən etdilər.
Tədqiqatın aparıldığı bölgə, vulkanik quruluşu ilə tanınan İlla Qrossa adasıdır. Bu ada təkcə təcrid olunmuş mövqedə yerləşmir; eyni zamanda Aralıq dənizində rif əmələ gətirən yeganə daş mərcan növü olan Cladocora caespitosa və ya xalq arasında məşhur adı ilə "yastıq mərcanı" üçün də vacib bir yaşayış məkanıdır. Bu mərcan növü, su altında üçölçülü quruluşlar yaradaraq balıqlardan onurğasızlaradək çoxlu dəniz canlısı üçün həyati ekosistem təmin edir.
Lakin aparılan son tədqiqat göstərir ki, bu həssas yaşayış məkanları ciddi təhlükə ilə üz-üzədir.
Alimlər, İlla Qrossa ətrafındakı beş müxtəlif nöqtədən götürdükləri dəniz dibi çöküntüsü nümunələrinin hamısında mikroplastik müəyyən etdilər. Ən sıx nümunələrdə bir kiloqram çöküntü daxilində 6.000-dən çox mikroplastik hissəciyi tapıldı. Bu rəqəm təkcə bölgə üçün deyil, bütün Aralıq dənizi üzrə indiyə qədər müşahidə edilən ən yüksək dəyərlərdən biridir.
Tədqiqatda iştirak edən Torre de la Sal Balıqçılıq İnstitutundan Dr. Dieqo Kerstinq bildirib: "Bütün nümunələrdə mikroplastik var idi və ən yüksək sıxlıqlar birbaşa mərcan quruluşlarının içinə basdırılmış çöküntülərdə ölçüldü. Bu, əvvəllər Qərbi Aralıq dənizində görülən dəyərlərdən xeyli yüksəkdir".
Tapılan hissəciklər arasında ən çox rast gəlinən plastik növləri: içki şüşələrində və qablaşdırmada geniş istifadə olunan polietilen (%28), PET yəni polietilen tereftalat (%25) və polistirendir (%19). Bundan əlavə, avtomobil təkərinin aşınması və sənaye mənbəli proseslərdən gəldiyi güman edilən mikrorezinlər də yüksək nisbətdə (%16) aşkar edilib.
Tədqiqatın ən narahat edici tapıntılarından biri hissəciklərin ölçüləri ilə bağlıdır. Mikroplastiklərin 90%-dən çoxunun 250 mikrometrdən kiçik olduğu bildirildi. Bu ölçü, hissəciklərin mərcanlar tərəfindən birbaşa udula biləcək böyüklükdə olduğunu göstərir.
Helmholtz Center Hereon-dan Dr. Daniel Pröfrok açıqlayıb: "Bu hissəciklərin çoxu mərcanlar tərəfindən udula biləcək qədər kiçikdir. Beləliklə, bioloji qarşılıqlı təsir riskləri olduqca yüksəkdir".
Eyni qurumdan Dr. Lars Hildebrandt isə bildirib: "Bəzi plastik növləri, xüsusən də poliuretan kimi maddələr, kimyəvi quruluşlarına görə dəniz canlıları üçün daha da zərərli ola bilər".
Aralıq dənizi, yarı-qapalı quruluşu, zəif su dövriyyəsi və ətrafındakı sıx əhali səbəbiylə artıq plastik çirklənməsinə açıq bir dənizdir. Lakin Illa Grossa ətrafında müəyyən edilən səviyyələr regional ortanın da olduqca üstündədir.
Bunun əsas səbəbi adanın mövqeyi və coğrafi quruluşudur. Körfəz şəklində olan və şimal-şərqə baxan İlla Qrossa Qərbi Aralıq dənizindəki əsas dəniz axını olan Şimal Axını ilə gələn üzən tullantılar üçün təbii tələyə çevrilir. İspaniya, Cənubi Fransa və Şimali İtaliya kimi sıx əhalili sahil bölgələrindən gələn plastik tullantılar bu körfəzə çataraq burada toplanır.
Tədqiqatın baş müəllifi, Kiel Universitetindən Geoloq Dr. Lars Reuninq deyib: "Əldə etdiyimiz məlumatlar təkcə mikroplastiklərin yayıldığını deyil, hətta qorunan ərazilərin belə bu çirklənmədən ciddi şəkildə təsirləndiyini ortaya qoyur. Xüsusilə mərcan kimi həssas növlər baxımından bu səviyyələr böyük bir təhlükə yaradır".
Tədqiqatçılar vurğulayır ki, bu nəticələr təkcə ətraf mühit problemi deyil, eyni zamanda qlobal plastik emissiyalarının azaldılması ehtiyacını göstərən bir xəbərdardır. Bundan əlavə, bu cür tədqiqatların genişləndirilməsi və mikroplastiklərin ekosistemə təsirlərinin daha hərtərəfli tədqiq edilməsinin zəruriliyi qeyd olunur.
Samir