Göy daşı deyil, rəsmən xəzinədir: Dəyəri heyrətamizdir!

DÜNYA
12:54 / 10.07.2025
66

Amerikan Milli Hava Kosmos İdarəsi (NASA) bəşəriyyət tarixinin ən həyəcanverici və potensial olaraq ən gəlirli missiyalarından birini həyata keçirir. 2023-cü ildə Florida ştatındakı Kennedi Kosmos Mərkəzindən buraxılan kosmos gəmisi, dəyəri təxminən 10 kvadrilyon dollar hesablanan "16 Psyche" adlı göy daşına doğru yola çıxıb. Hazırda saniyədə təxminən 37 kilometr sürətlə irəliləyən gəmi, 2029-cu ilin avqust ayında hədəfə çatmağı planlaşdırır.

HİT.az xəbər verir ki, ilk dəfə 172 il əvvəl İtalyan astronomu Annibal de Qasparis tərəfindən kəşf edilən asteroid adındakı "16" rəqəmini Günəş Sistemində kəşf edilən 16-cı göy cismi olmasından alır. Digər hissəsini isə Qədim Yunan mifologiyasında "ruh ilahəsi" olan "Psyche"dən götürür.

Son illərdə aparılan radar və istilik analizləri göstərir ki, "16 Psyche" adi bir qaya parçası deyil, dəmir, nikel, mis, qızıl, platin və palladium kimi yüksək dəyərli metallardan ibarətdir. Los Alamos Milli Laboratoriyasından alim Vendi Koldvell asteroidin xüsusilə nikel və mis baxımından zəngin olduğunu vurğulayır. Bu materiallar Yer üzündəki avtomobil və elektronika sənayesi üçün həyati əhəmiyyət kəsb edir.

Lakin ən diqqətçəkən kəşflərdən biri 2017-ci ildə asteroidin səthində su izlərinin tapılması oldu. NASA mütəxəssislərinə görə bu, asteroidin səthində su ilə bağlanmış metal qrupları ola biləcəyinə və buna görə də "paslanma" izlərinin yarana biləcəyinə işarədir.

NASA "Psyche" missiyasını təkcə iqtisadi dəyərlə məhdudlaşdırmır. Alimlər bu asteroidi planetlərin nüvə quruluşunu başa düşmək üçün unikal fürsət hesab edirlər. Belə ki, "16 Psyche"nin bir vaxtlar proto-planetin (ilkin planetin) nüvəsi olduğu ehtimal edilir. Əgər bu doğrudursa, onun quruluşunu öyrənmək Yer kimi qaya planetlərinin necə formalaşdığı haqqında bənzərsiz məlumatlar təqdim edə bilər.

NASA-nın missiyası 2029-2031-ci illər arasında "16 Psyche" üzərində müşahidələr aparıb elmi məlumat toplayacaq. Bu zaman çoxlu sayda özəl şirkət də asteroid mədənçiliyi ideyasına artıq investisiya qoymağa başlayıb. Lakin mütəxəssislərə görə bu sahədə irəliləyiş əldə etmək üçün ciddi miqdarda maliyyə və texnologiya investisiyası tələb olunur.

Floridadakı Mərkəzi Florida Universitetindən planet fiziki Filip Metzger "Live Science"a verdiyi müsahibədə belə deyir: "Lazımi texnologiyalara hələ yiyə deyilik. Ən böyük çatışmazlıq hazırda maliyyədir". 

O, kiçikmiqyaslı mədənçilik əməliyyatının mümkün ola biləcəyini, lakin vaxt aparacağını bildirir.

NASA "Psyche" haqqında üçölçülü model yaratsa da, səth tərkibi haqqında yüzdə yüz dəqiq məlumata ancaq kosmos gəmisinin birbaşa təması ilə çata biləcəyik. Bu təmas daha 4 il sonra baş versə də, artıq alimlər və investorlar bu göy cismi ilə bağlı böyük ümidlər bəsləyirlər.

Samir
 

0