Almaniya kansleri Fridrix Merz Rusiya lideri Vladimir Putinə təslim olmamağa və Kiyevi dəstəkləməyə davam edəcəyinə söz verib.
HİT.az xəbər verir ki, alman siyasətçi bunu Ukraynanın bərpasına dair Roma konfransında deyib.
Mətbuat konfransı zamanı Almaniya hökumətinin başçısı Ukrayna prezidenti Volodimir Zelenskini və ukraynalı dostlarını Berlinin Kiyevə dəstəyinin dəyişməz qalacağına əmin edib.
"Sonda iki mesajım var. Onlardan biri Moskvaya və prezident Putinə ünvanlanıb. Mesaj kifayət qədər sadədir: Biz təslim olmayacağıq", deyə Merz bildirib.
Kansler ikinci mesajı Vaşinqtona və Amerika prezidenti Donald Trampa ünvanlayıb. O, ABŞ-ı “Avropa ilə qalmağa” çağırıb.
Bundan əvvəl Merz bəyan edib ki, Ukrayna münaqişəsinin həlli üçün diplomatik vasitələr tükənib. Almaniya kansleri Ukrayna hakimiyyətinin Rusiya təcavüzünə qarşı mübarizəsini dəstəkləməyə davam edəcəyinə söz verib.
Almaniya hökumətinin başçısı həmçinin bəyan edib ki, Ukraynada ədalətli sülhə gedən yol zəiflikdən və ya təslim olmaqdan deyil, gücdən keçir. Merz həmçinin əmin edib ki, yaxın illərdə Berlin ölçüsünə və iqtisadi gücünə uyğun olan və müttəfiqlərinin bizdən haqlı olaraq gözlədiyi kimi Bundesveri Avropa İttifaqının ən güclü şərti ordusuna çevirmək üçün mümkün olan hər şeyi edəcək.
Samir