Aİ 70 milyard avro dəyərində ABŞ mallarına cavab rüsumları hazırlayıb

DÜNYA
18:02 / 14.07.2025
64

Avropa Komissiyası (AK) cavab rüsumlarının tətbiqi üçün 70 milyard avro dəyərində ABŞ mallarının siyahısını Avropa İttifaqı ölkələrinə təqdim edib. 

HİT.az xəbər verir ki, bunu Aİ xarici işlər və ticarət nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında ticarət üzrə Avropa komissarı Maroş Şefçoviç bildirib.

“Biz üzv ölkələrə 70 milyard avro dəyərində ABŞ mallarının siyahısını təqdim etmişik”, deyə o qeyd edib.

Eyni zamanda, Şefçoviç onların tətbiqinin avqustun 1-nə qədər təxirə salındığını vurğulayıb.

Bundan əvvəl Fransa lideri Emmanuel Makron Vaşinqtonun Aİ-yə 30%-lik rüsum tətbiq etmək qərarına Fransa və AK-nın razı olmadığını açıqlamış və Brüsselin əks tədbirlərin hazırlanmasını sürətləndirəcəyini bildirmişdi.

İyulun 12-də ABŞ prezidenti Donald Tramp avqustun 1-dən Avropa İttifaqı və Meksikadan gətirilən mallara 30% rüsum tətbiq ediləcəyini bəyan edib.Onun sözlərinə görə, bu qərardan təsirlənən ölkələrin hakimiyyət orqanları oxşar qərar qəbul edərsə, Dövlətlər öz tariflərinə “bu rəqəmi” əlavə edəcəklər.

Samir

0