Nə insanlar qaldı, nə heyvanlar... Amma ayaq izləri hələ də oradadır. 115 min illik kəşf tarixi başdan yazır.
HİT.az xəbər verir ki, Səudiyyə Ərəbistanının şimalındakı Nefud səhrasında qurumuş göl yatağında aşkar edilən yeddi insan ayaq izi elm dünyasını həyəcanlandırıb.
Tədqiqatçılara görə bu izlər Ərəb yarımadasında indiyədək tapılan ən qədim Homo sapiens ayaq izləri ola bilər. Üstəlik, onların 115 min il əvvələ aid olduğu güman edilir.
Alimlərin "Alathar" adlandırdığı bu ərazi 2017-ci ildə təsadüfən kəşf edildi. İllər ərzində külək və eroziya nəticəsində üzə çıxan bu izlər yalnız insanlara aid deyil; ətrafda yüzlərlə heyvan ayaq izi də tapılıb. Bu da ərazinin minlərlə il əvvəl köç edən canlılar üçün bir "həyat dəhlizi" olduğunu göstərir.
Tədqiqatın ən heyrətamiz cəhəti isə budur: Ayaq izləri bir neçə gün ərzində silinə bilərdi, amma buradakı izlər minillər boyu demək olar ki, zərər görmədən qorunub. Alimlər bunun unikal bir palçıq təbəqəsi və ani quruma şəraiti sayəsində mümkün olduğunu bildirirlər.
İzlərin kimsə aid olduğu sualı isə ayrıca bir sirrdir. Dövrün geoloji və arxeoloji tapıntılarını öyrənən tədqiqatçılar izlərin Homo sapiens-ə aid olduğuna inanır. Eyni dövrdə bölgədə Neandertal izinə rast gəlinməməsi də bu nəzəriyyəni gücləndirir. İzlərin ölçüləri də erkən dövr insanlarına olduqca bənzəyir.
Tədqiqatın nəticəsində çıxarılan başqa bir mühüm nəticə də budur: Bu insanlar gölü daimi yaşayış yeri etməmişdilər; çox güman ki, su tapmaq üçün qısa müddətliyə gəlmişdilər. Yəni bu ayaq izləri təkcə bir gəzintinin deyil, minillər əvvəl su axtaran bir insan qrupunun səssiz şahididir.
Samir