Ötən həftə İran Prezidenti Məsud Pezeşkianın başına gələn hadisə müzakirə predmeti olmağa davam edir.
Belə ki, İran lideri Təbrizə gedərkən yolda qalıb. Pezeşkianın avtomobilinə su qatılmış benzin vurulduğu məlum olub. Nəticədə, prezident kortejindəki avtomobillər nasazlandığı üçün Pezeşkian taksi ilə yola davam etmək məcburiyyətində qalıb.
Lakin bunun arxasında təxribat ola biləcəyi iddiaları yayılmağa başlayıb. Bəziləri düşünürlər ki, bu, İran Prezidentinə qarşı bilərək olunmuş bir həmlədir. Buna baxmayaraq, bəzi ekspertlər də bu məsələnin tamamilə təsadüf olduğunu düşünürlər.
Mövzu ilə bağlı siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlama verib. O, təxribat iddialarına inanmadığını deyib:
"Düşünürəm ki, bu, birbaşa oradakı yanacaqdoldurma məntəqəsinin problemidir. Nəzərə almaq lazımdır ki, İranda istifadə olunan benzinin keyfiyyəti aşağıdır və orada benzinə həqiqətən də su qatılır.
Bununla bağlı bir nəzarət mexanizmi olmadığı üçün məsələ nəzarətdən çıxıb. Artıq iş o yerə çatıb ki, hətta Prezident Məsud Pezeşkianın avtomobilinə belə su qatılmış benzin vurulur".
Onun sözlərinə görə, yaşanan hadisə sadəcə təsadüfdür:
"Düzdür, bu məsələ çox müzakirə olunur. Lakin burada başqa səbəb axtarmaq doğru deyil. Hətta həmin yanacaqdoldurma məntəqəsi ilə bağlı daha əvvəllər də şikayətlər olduğu deyilir. Buna baxmayaraq, rəsmi qurumlar bu iddianı təkzib edir.
Mən şəxsən Pezeşkiana qarşı təxribat olduğunu düşünmürəm. Bu, sadəcə olaraq İranda yanacaqdoldurma məntəqələrinin benzinə su qatması ilə əlaqəlidir. Prezidenti belə yolda buraxan bir yanacaqdoldurma məntəqəsindən bəhs edirik. Deməli, nəzarət zəifdir".
Pərviz