ABŞ-ın Nyu-York ştatının Vestburi şəhərində yerləşən "Nassau Open MRI" mərkəzində faciəvi hadisə baş verib. 61 yaşlı bir kişi boynundakı böyük metal zəncir səbəbilə aktiv vəziyyətdə olan MRT (Maqnit Rezonans Tomoqrafiyası) cihazına doğru çəkilib və həyatını itirib. Hadisə, MRT təhlükəsizlik qaydalarının nə qədər həyati əhəmiyyət daşıdığını bir daha ortaya qoyub.
HİT.Az xəbər verir ki, Nassau dairəsi polis idarəsinin verdiyi məlumata görə, insident çərşənbə günü baş verib. 1570 Old Country Road ünvanında yerləşən MRT mərkəzindən gələn təcili çağırışa cavab verən polis əməkdaşları, görüntüləmə prosesi davam edərkən izinsiz şəkildə otağa daxil olan şəxsin ağır şəkildə yaralandığını bildiriblər.
Hadisə zamanı kişinin boynundakı metal zəncir güclü maqnit sahəsi səbəbilə MRT cihazına çəkilib və bu, ciddi tibbi fəsadlara yol açıb. Yaralı dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb, lakin ilkin olaraq vəziyyəti kritik kimi dəyərləndirilən şəxs sonradan vəfat edib. Onun kimliyi hələ açıqlanmayıb.
"Fox 5 New York" telekanalının xəbərinə görə, hadisədən sonra bütün randevular ləğv edilib. Yerli media nümayəndələri MRT mərkəzində yerləşdirilmiş “MRT – Daxil olmayın” və “Xüsusi mülkiyyətdir, icazəsiz giriş qadağandır” kimi xəbərdarlıq lövhələrini də görüntüləyib.
"Northwell Health" nümayəndələri MRT cihazlarının yüksək maqnit sahəsi yaratdığı üçün bu texnologiyaların istifadəsində son dərəcə ciddi təhlükəsizlik protokolları tətbiq olunduğunu bildiriblər. Skan öncəsi pasiyentlər bir neçə dəfə üzərində və ya bədənində hər hansı metal obyekt olub-olmadığı barədə sorğulanır.
MRT cihazları maqnit sahəsinin gücünə görə son dərəcə güclüdür. Əvvəllər də buna bənzər hadisələr baş verib. Məsələn, bir qadının bildirmədiyi bir aksesuarın yaratdığı qəza və ya 2023-cü ildə MRT çəkimi zamanı bədənində odlu silah daşıyan bir şəxsin öz silahından yaralanması bu tip hadisələrin nə qədər təhlükəli olduğunu sübut edir.
Mütəxəssislərə görə, MRT cihazlarının maqnit gücü, hətta kiçik bir tankı belə özünə çəkə biləcək səviyyədədir. Bu isə o deməkdir ki, ətrafda olan ən kiçik metal obyekt belə həyati təhlükə yarada bilər.
Samir