"Bu gün Rusiya ilə Ukrayna arasında İstanbulda görüş keçiriləcək".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
Lakin onun sözlərinə görə, bu görüşdən hər hansısa gözləntilər yoxdur:
"Mən də bu görüşdə ciddi bir nəticə əldə edilmə ehtimalının çox aşağı olduğunu düşünürəm. Hətta bununla bağlı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da mövqeyini bildirib. Yəni münaqişə və müharibə tərəflərindən biri kimi Peskovun belə fikir səsləndirməsi ondan xəbəri verir ki, Moskva və Kiyev bu görüşdən nə isə gözləmir".
Ekspert belə olan halda nə üçün görüş keçirdiklərinə dair sual yarandığını da diqqətə çatdırıb:
"Bu görüş ilk növbədə beynəlxalq güclərin təzyiqi ilə keçirilir. Digər tərəfdən isə bu, həm də danışıqlar prosesinin aktuallığını saxlamaq məqsədilə keçirilən görüşdür. Əgər bu danışıqlar olmasa müharibədə yenidən dəhşətli vəziyyət yaranacaq.
Ən azından danışıqlar prosesində əsirlərin və cəsədlərin mübadiləsi məsələlərdə razılıq əldə edə bilirlər. Bu da müharibənin fonunda bir uğurdur. Lakin tam mənada prosesi idarə edəcək səviyyədə uğur deyil".
Həmsöhbətimiz qeyd edib ki, əslində görüşlərin keçirilməsi müsbət haldır:
"Amma bu görüşlərdən nəticə əldə etməmək özü də uzun müddət keçəndən sonra tərəflərdə ümidsizlik yarada bilər. Yəni bunun müsbət və mənfi tərəfləri var. Bəlkə də hansısa möcüzə yaşanar və tərəflər ciddi uğur əldə edərlər.
Amma döyüş meydanında gedən proseslər, tərəflərin bir-birinə qarşı ittiham xarakterli çağırışları ondan xəbər verir ki, bugünkü görüşdə ciddi uğur əldə etmək mümkün deyil".
Pərviz