Səyyahlar artıq kütlələrdən, bahalı turizm mərkəzlərindən və anti-turist etirazlarından yorulub. Onlar daha əlçatan, sakit və orijinallığını qoruyan istiqamətlərə üstünlük verirlər. Məhz bu tendensiya nəticəsində 2025-ci ildə bir neçə Avropa şəhəri gözlənilmədən turistlərin maraq dairəsinə düşüb.
HİT.az xəbər verir ki, "Travel Off Path" nəşrinin turizm eksperti Sem Sirs bu şəhərləri belə sıralayır:
1. Priştina, Kosovo
Kosovonun yaxın keçmişi çətin və mübahisəli olsa da, bu ölkə son illərdə Albaniya və Monteneqro ilə yanaşı Balkanların yüksələn turizm ulduzuna çevrilib. Xüsusilə paytaxt Priştinada turist axını nəzərəçarpacaq dərəcədə artıb. Səyyahlar şəhərin həm qədim bazar bölgəsini, həm də müasir hissəsini kəşf etməkdən zövq alır. Priştina həmçinin maraqlı memarlığı və "Kosovo Milli Kitabxanası" kimi fərqli tikililəri ilə diqqət çəkir. Şəhərin simvolik yerlərindən biri isə sabiq ABŞ prezidenti Bill Klintonun heykəlidir.
Ən çox bəyənilən məkanlardan biri Priştina ayı qoruğudur – giriş qiyməti cəmi 3,5 dollar olan bu məkan, şəhərdəki xidmətlərin nə qədər əlçatan olduğunu göstərir.
2. Vilnüs, Litva
Litvanın paytaxtı Vilnüs Avropanın ən ucuz turizm istiqamətlərindən biri olsa da, hələ də geniş kütlə tərəfindən kəşf edilməyib. Lakin son vaxtlar “rəqəmsal köçərilər”in axını şəhərə marağı artırıb. Vilnüsün tarixi köhnə şəhəri, barokko üslublu kilsələri və daş döşəməli küçələri səyyahlara vaxt kapsulu təəssüratı bağışlayır. Bura həm də ucuz pivəsi və sakit mühiti ilə cəlb edir.
3. Varna, Bolqarıstan
Varna Avropanın ən az qiymətləndirilən dənizkənarı şəhərlərindən biridir. Bolqarıstanın sahil şəhərləri həm sərfəli qiymətlər, həm də yüksək keyfiyyətli xidmətlərlə seçilir. Varna son bir ildə turist axınında 25% artım qeyd edib. Zolotıye Pyaski (Qızıl Qumlar) və Albena kimi yaxın ərazilərdəki “hər şey daxil” kurortlar da diqqətəlayiqdir.
4. Tbilisi, Gürcüstan
Tbilisi son illər Avropanın ən dinamik şəhərlərindən birinə çevrilib. Gürcüstanın paytaxtı artıq təkcə coğrafi yaxınlığı ilə yox, həm də turistik imkanları ilə seçilir. Burada rəqəmsal köçərilər üçün əlverişli şərait, zəngin mədəni həyat və təbii gözəlliklər bir aradadır. Şəhərin gecə həyatı və məşhur gürcü şərabları da turistlər üçün əsas cazibə mərkəzidir. 2025-ci ildə Tbilisiyə səfər edənlərin sayı ötən ilə nisbətən 11% artıb.
5. Vyana, Avstriya
Paryaj və Roma kimi məşhur Avropa şəhərlərinin kölgəsində qalan Vyana, 2025-ci ilin ilk yarısında sabit turist artımı ilə fərqlənib. Klassik musiqi tarixi ilə zəngin olan şəhər, Motsart və Bethovenin xatirəsinə həsr olunmuş bir çox məkan, imperator sarayları və dünya səviyyəli kafeləri ilə ziyarətçiləri cəlb edir. Ekspertin sözlərinə görə, Vyana təkcə Milad yarmarkaları ilə yox, ilin bütün dövrlərində maraqlı və unikal təcrübələr təqdim edən şəhərdir.
Samir