Qara dənizin şimal-qərb sahillərində yerli molyusk, xırda xərçəngkimilər və balıq balaları üçün təhlükə yaradan yırtıcı - mavi yengəcin fəal yayılması qeydə alınıb.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Cənub-Qərb Dairəsinin Dövlət Ekoloji İnspeksiyası məlumat yayıb.
"Qara dənizin şimal-qərb sahillərində invaziv növ olan Amerika mavi yengəcinin (Callinectes sapidus) fəal yayılması müşahidə olunur. Atlantik okeanından gələn bu yırtıcı növ Türkiyə və Bolqarıstan sahillərindən Ukrayna sahillərinə və Dunay çayının deltasına doğru sürətlə irəliləyir", deyə məlumatda bildirilir.
Ekolqlar xəbərdarlıq edir: Mavi yengəc aktiv yırtıcı və güclü rəqibdir. O, yerli molyusk növlərinə, xırda xərçəngkimilərə və balıq balalarına təhdid təşkil edir. Bu xərçəngkimilər nümayəndəsi iqlim dəyişikliyi şəraitinə yaxşı uyğunlaşaraq sahil ekosistemlərinin balansını pozur.
Təhlükəli, amma dəyərli
Mütəxəssislərin məlumatına görə, bu "dəvətsiz qonağın" regiona daxil olmasının əsas yolları bunlardır:
* Gəmilərin ballast suları
* Boğaz vasitəsilə Aralıq dənizindən təbii yayılma
Bu yengəcin Ukraynada ilk nümunələri 2019-cu ildə tapılıb, indi isə onlar Dunay deltasında aşkarlanıb.
Lakin Dövlət İnspeksiyası sakitləşdirir: İtaliya, Yunanıstan və Türkiyənin təcrübəsi göstərir ki, mavi yengəcin nəzarətli ovu təkcə ekosistemə təsirini azaltmaqla yanaşı, həm də gəlir gətirə bilər - onun ətinin gastronomiyada yüksək dəyəri var.
Gələcək strategiya
Ekolqlar vurğulayır:
* Mavi "gözəllərin" yayılmasının daimi monitorinqi
* Elmi əsaslı say tənzimləmə siyasətinin işlənib hazırlanması
* Onu təkcə təhdid kimi deyil, davamlı yanaşma şərtilə potensial resurs kimi qiymətləndirmək
"Bu canlıya yalnız invazor kimi yox, eyni zamanda ekoloji tarazlığın saxlanması üçün istifadə edilə bilən dəyərli bioloji ehtiyat kimi baxmaq vacibdir", deyə qurum qeyd edib.
Samir