Suriya-İsrail gərginliyi artır: "Türkiyə müdaxilə edəcək"

DÜNYA
09:15 / 25.07.2025
99

"Suriyanın Türkiyədən terrora qarşı mübarizə və müdafiə üçün hərbi dəstək xahiş etməsi oradakı vəziyyətin həqiqətən necə ağır olduğunu göstərir".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu addım Suriya ilə İsrail arasındakı münasibətlərin ciddi şəkildə gərginləşdiyini sübut edən bir faktdır:

"Əgər Suriya ilə İsrail arasındakı münasibətlər gərginləşməyə davam etsə və nəzarətdən çıxsa, nəticələr çox təhlükəli ola bilər. Nəzərə almaq lazımdır ki, Türkiyənin Suriyanın yeni hakimiyyətin üzərində himayəsi var. 

Bəşər Əsədin devrilməsində və Əhməd Əl Şaraanın hakimiyyətə gəlməsində rəsmi Ankaranın ciddi rolu olub. Qardaş ölkə yeni Suriya hakimiyyətini həm siyasi, həm də hərbi cəhətdən dəstəkləyir".

378655

Ekspert qeyd edib ki, Türkiyə Suriyanın yalnız hakimiyyətini deyil, onun suverenliyi və ərazi bütövlüyünü də qorumağa çalışır:

"Təbii ki, belə bir vəziyyətdə İsrailin Suriyanın ərazi bütövlüyü və suverenliyini pozan addımları Türkiyəni daha aktiv mövqe tutmağa vadar edir. Suriya-İsrail cəbhəsindəki gərginliklərin hansı səviyyəyə çatacağı Ankaranın reaksiyasından da çox asılı olacaq. Əgər bu qarşıdurmalar davam etsə, sonda Suriyada Türkiyə ilə İsrail arasında da toqquşmaya yaşana bilər".

Lakin həmsöhbətimiz diqqətə çatdırıb ki, ABŞ Türkiyə ilə İsrail arasındakı gərginlikdə maraqlı deyil:

"Doğrudur, İsrail ABŞ-nin qeyri-rəsmi müttəfiqidir. Türkiyə isə ABŞ-nin rəsmi müttəfiqi və NATO üzvüdür. Bu şərtlər Türkiyə ilə İsrailin toqquşmasına ABŞ-nin imkan verməyəcəyini söyləməyə əsas verir. Ancaq İsrailin iddialı siyasəti davam edərsə, Türkiyə ilə toqquşma ehtimalının artması mümkündür. Çünki söhbət Suriyanın ərazi bütövlüyü və suverenliyindən gedir".
 
Aydın Quliyevin sözlərinə görə, əgər İsrail Suriyanın ərazi bütövlüyünə hörmət etsə, onda münasibətlərin kəskinləşməsinin qarşısını almaq olar:

"Lakin İsrail maksimalist yanaşır. Rəsmi Tel-Əviv həm Colan təpələri ilə bağlı məsələni dinc yolla həll etmək istəmir, həm də druzlarla dəstək verməklə Suriya hakimiyyəti üçün təhlükə yaradır. Yəqin Ankara hakimiyyəti də buna laqeyd qalmayacaq. Düşünürəm ki, Suriya-İsrail münasibətləri kəskinləşəcəyi təqdirdə, Türkiyə müdaxilə edəcək". 

Pərviz

0