Müharibənin başlanğıcından bəri Kiyevə edilən ən genişmiqyaslı atəş fonunda, Donald Trampın müşaviri general Kit Kelloqun təşəbbüsü Amerikanın Ukrayna siyasətində dramatik dönüşə səbəb olub.
HİT.az xəbər verir ki, bu barədə "The Telegraph" yazıb.
4 iyul tarixində Kelloqa Polşadan zəng edilib. Zəng edən Polşanın Xarici İşlər Naziri Radoslav Sikorski olub. Telefon danışığından sonra general Kelloq Trampa müraciət edərək Ukraynaya zenit döyüş sursatı tədarükünün bərpa edilməsini tələb edib. Həmin gecə rus raketləri və dronları Kiyevdəki Polşa konsulluğuna ziyan vurub – bu hadisə Ağ Evin Ukraynaya münasibətində dönüş nöqtəsinə çevrilib.
Kelloqla danışıqdan qısa müddət sonra Tramp şəxsən Pentaqona donmuş Patriot sistemlərinin blokadasını açmaq əmri verib və həmçinin müdafiə naziri Piti Heqsetlə əlaqə saxlayıb. Məhz Heqset Ağ Evlə razılaşmadan Ukraynaya hərbi yardımı dayandırmışdı, bu hətta Trampın müttəfiqləri (Dövlət Katibi Marko Rubio daxil) tərəfindən də tənqid olunmuşdu.
Həmin gün prezident Volodimir Zelenski ilə danışıqda Tramp Ukraynaya hava hücumundan müdafiə dəstəyi təqdim edəcəyini vəd edib. Bu siqnal dönüş nöqtəsi olubn – Vaşinqtonda bunu sülh razılaşmasına nail olmaq üçün ABŞ-ın münaqişədə rolunun gücləndirilməsi ehtiyacının tanınması kimi qiymətləndirdilər.
Doqquz gün ərzində Tramp, NATO-dakı müttəfiqlərinin dəstəyi ilə 10 milyard dollarlıq yeni yardım paketini elan edib. Almaniyanın kansleri Fridrix Merz və NATO-nun baş katibi Mark Ruttenin köməyi ilə razılaşmalar Ukraynaya yeni Patriot sistemlərinin alınması və göndərilməsini əhatə edirdi. Bunların bir hissəsi Almaniya və Norveç tərəfindən ödənilib.
Maraqlıdır ki, bunun üçün əvvəlcə İsveçrəyə göndərilməsi nəzərdə tutulmuş bir partiya sistemlər yönləndirilib. Bern öz sifarişinin müddətinin uzadılması ilə razılaşaraq Ukraynanın xeyrinə imza atıb.
Samir