"Tailand Kamboca ilə münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlarda Malayziyanın vasitəçiliyinə açıqdır".
HİT.az xəbər verir ki, bunu Tailand Xarici İşlər Nazirliyinin sözçüsü Nikondet Phalanqkun deyib.
"Əgər Kamboca bu məsələni diplomatik kanallar vasitəsilə, ikitərəfli və ya hətta Malayziya vasitəsilə həll etmək istəsə, biz bunu etməyə hazırıq", deyə Phalanqkun bildirib.
Reuters-in məlumatına görə, Banqkok vasitəçilərin iştirakı olmadan ikitərəfli danışıqlara birinci üstünlük verir.
Daha əvvəl Tailandın baş naziri vəzifəsini icra edən Pumtam Vekayaçai bildirmişdi ki, hazırda ASEAN-ın sədri vəzifəsini də icra edən Malayziyanın baş naziri Ənvər İbrahim Kamboca və Tailand hökumətləri ilə danışıqlar aparacaq. Tailandlı siyasətçi çıxışında Pnom Penhi sülh istəyini nümayiş etdirməyə çağırıb.
İyulun 24-də cənub-şərq ştatları arasında qarşıdurma kəskinləşib. Tailand Kambocanı raket və artilleriya atəşinə tutmaqda ittiham edib. Tailand Səhiyyə Nazirliyinin məlumatına görə, Kamboca ordusunun zərbələri nəticəsində 14 mülki şəxs həlak olub. Eyni zamanda, Pnom Penh öz ərazisində mümkün qurbanlar barədə məlumat açıqlamayıb. Banqkok sərhəd bölgələrindən əhalini təxliyə etmək qərarına gəlib. “The Guardian” yazır ki, artıq 130 min insan təhlükəli bölgədən təxliyə edilib.
Tailand və Kamboca arasında təxminən 800 km uzunluğunda bir sərhəd var. Ərazilərin demarkasiyası Fransanın bölgədə mövcudluğu zamanı baş tutub. O vaxtdan bəri ayrı-ayrı ərazilərin mülkiyyəti qeyri-müəyyən olaraq qalır. Kamboca ərazi mübahisəsinin həllində kömək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Ölkələr arasında sonuncu açıq hərbi toqquşma 2011-ci ildə hinduların məhvetmə tanrısı Şivanın şərəfinə tikilmiş Preah Vihear məbədinin ərazisində baş verib.
Tailand və Kamboca arasındakı sərhəddə vəziyyətin gərginləşməsi turizm sənayesini əsas kurort istiqamətlərindən birinə tələbin azalması qorxusuna səbəb olub. Turoperatorlar hərbi əməliyyatların ilk günündən sonra hər hansı kütləvi ləğvi qeydə almayıblar.
Samir