"Son dövrlərdə baş verən hadisələr Türkiyənin Ukrayna-Rusiya müharibəsindəki vasitəçi rolunu yenidən ön plana çıxarıb".
Bu sözləri siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.
O diqqətə çatdırıb ki, 23 iyul tarixində İstanbulda keçirilən Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü Ankaranın diplomatik potensialını və etibarlılığını bir daha beynəlxalq səviyyədə sübut etdi:
"Danışıqlarda əsir mübadiləsi, mülki şəxslərə qarşı hücumların dayandırılması və qaçırılmış uşaqların geri qaytarılması kimi humanitar məsələlər müzakirə olundu.
Bunun ardınca da ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında İstanbulda görüş keçirilməsi ehtimalı gücləndi. Trampın 2025-ci ilin yanvarında vəzifəyə başlaması və keçmişdə böhranları lider diplomatiyası yolu ilə həll etməyə üstünlük verməsi, belə bir görüşün baş tutacağı ilə bağlı gözləntiləri artırır".
Onun sözlərinə görə, Tramp-Putin görüşünün İstanbulda keçirilmə ehtimalı yüksəkdir:
"Nəzərə almaq lazımdır ki, Türkiyənin həm ABŞ, həm də Rusiya ilə güclü diplomatik və təhlükəsizlik əlaqələri var. Eyni zamanda, hər iki tərəf onu neytral bir aktor kimi qəbul edir. Üstəlik, Türkiyə daha əvvəl dəfələrlə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edib. Bütün bunlar Tramp-Putin görüşünün İstanbulda keçirilmə ehtimalını daha da artırır".
Lakin ekspert bildirib ki, Ukrayna müharibəsinin taleyi tək bir görüşdən asılı deyil:
"Müharibənin tam başa çatması yalnız liderlər səviyyəsində deyil, eyni zamanda çoxşaxəli, uzunmüddətli və təhlükəsizlik zəmanətlərini ehtiva edən genişmiqyaslı diplomatik proses tələb edir. İstanbulda baş tuta biləcək mümkün Tramp-Putin zirvəsi bu prosesi sürətləndirə bilər, ancaq müharibənin tam bitməsi üçün kifayət etməyəcək.
Buna baxmayaraq, İstanbulun diplomatik platforma kimi seçilməsi ehtimalı yüksək və mənalıdır. Türkiyənin fəal vasitəçilik rolu sayəsində Tramp ilə Putin arasında İstanbulda zirvə görüşünün keçirilməsi ehtimalı ciddiləşib. Lakin bu görüşün sülhlə nəticələnməsi üçün daha geniş və strukturlaşdırılmış bir prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir".
Pərviz