Paşinyan nə üçün kilsə ilə bu səviyyədə mübarizə aparır? - ŞOK DETALLAR

DÜNYA
09:38 / 31.07.2025
99

"Bu gün erməni kilsəsi həm Nikol Paşinyanın, həm də Kremlin nəzərində əhəmiyyətli subyektdir". 

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Rusiya hakimiyyətinin nəzərində erməni kilsəsi Paşinyana qarşı mübarizənin mühüm güc mərkəzlərindən birinə çevrilə bilər:

"Çünki Rusiyada düşünürlər ki, əvvəlki prezidentlər bir gün siyasət meydanında faallıq göstərməyə çalışsalar da, amma onların faal siyasi fiqura çevrilmək şansları xeyli dərəcədə tükənib. Robert Koçaryan və Serj Sarkisyan kimi keçmiş prezidentlərin artıq erməni cəmiyyətində güclü siyasi dayaqları yoxdur. Onlar, həm daxili siyasətdə, həm də beynəlxalq münasibətlərdə məğlub prezidentlər sayılırlar".

379039

Ekspert qeyd edib ki, belə bir şəraitdə Rusiya dairələri kilsə ətrafında ictimai hərəkat yaratmaq, onu siyasiləşdirmək və Paşinyanın hakimiyyətinə təzyiq vasitəsinə çevirmək haqqında düşünürlər:

"Bu baxımdan, Rusiyanın nəzərində erməni kilsəsi əhəmiyyətli subyektdir. Eyni zamanda, kilsə ölkənin daxili siyasətində Paşinyan üçün də əhəmiyyətli faktordur. Çünki Paşinyan yəqin fərqinə varır ki, ölkənin keçmiş prezidentlərinin timsalında siyasi fiqurların hamısını məğlub edib. 

Keçmiş prezidentlər ölkə daxilində nə qədər çalışsalar da, Paşinyan hakimiyyətinə qarşı güclü siyasi hərəkat törədə bilmirlər. Baş nazir onu da düzgün analiz edir ki, bu gün Ermənistanda Paşinyanın əleyhinə nisbətən güclü siyasi təzyiq hərəkatı yarada biləcək yeganə qüvvə məhz kilsədir". 

Həmsöhbətimiz hesab edir ki, kilsə ətrafında toplaşa biləcək insanlar kütləsi keçmiş prezidentlərin ətrafında toplananlardan xeyli dərəcədə artıq ola bilər:

"Çünki burada müəyyən qədər dinə inam faktoru da var. Ona görə kilsə bu gün Paşinyanın da siyasətinin əsas hədəflərindən biridir. Baş nazir növbəti seçkilərdə kilsənin ona qarşı ciddi siyasi rəqibə və qüvvəyə çevrilə biləcəyindən ehtiyatlanır. Buna görə də bütün gücünü kilsəyə qarşı yönəldib". 

Politoloqun sözlərinə görə, kilsəyə qarşı mübarizə eyni zamanda Paşinyanın konstitusiya islahatlarının tərkib hissələrindən birinə çevrilir:
"Bəllidir ki, Paşinyan konstitusiyanı dəyişmək istəyir. Xeyli dərəcədə konstitusiya maddəsini dəyişdirməkdə özünün siyasi hakimiyyətini və səlahiyyətlərini möhkəmləndirməyə çalışır. Müəyyən qədər də Azərbaycanla danışıqlar prosesində manevr etmək üçün konstitusiyaya müəyyən maddələrin daxil edilə biləcəyini istisna etmir. 

Lakin konstitusiya islahatlarının mühüm istiqamətlərindən biri məhz kilsə ilə bağlı müəyyən maddələrin daxil edilməsidir. Buna görə də Paşinyan həm kilsəni indiki şəraitdə həqiqətən öz qarşısında böyük qüvvə kimi görür, eyni zamanda kilsəni olduğundan da artıq şişirdərək bunu dünyaya Ermənistan hakimiyyətinin və erməni xalqının ən böyük düşməni kimi təqdim edir".

Aydın Quliyev onu da əlavə edib ki, Paşinyan erməni xalqını guya bu böyük düşməndən xilas etmək üçün mütləq şəkildə konstitusiyada dəyişikliklər etməli və konstitusiyada kilsənin fəaliyyətini məhdudlaşdıran maddələr daxil etməlidir kimi mesajlar verir:

"Beləliklə, kilsə ilə hakimiyyətin mübarizəsi eyni zamanda konstitusiya islahatlarının Azərbaycanın tələbi ilə həyata keçirildiyi kimi bir görüntünü ört-basdır etmək üçün də Paşinyana lazımdır. O, dolayı olaraq belə bir rəy yaratmağa çalışır ki, konstitusiyanı Azərbaycanın tələbi ilə yox, kilsə erməni cəmiyyəti və erməni dövləti üçün ciddi təhlükə olduğuna görə dəyişdirmək istəyir. 

Buna görə də Paşinyanın Ermənistanda siyasi fəaliyyətinin əsas hədəflərindən biri kilsədir. Kilsə Paşinyanın siyasi planlarında önəmli yer tutur. Həmçinin, kilsə Rusiyanın da siyasi dairələrinin Paşinyana təzyiq üsulu olaraq istifadə etdikləri böyük subyektlərdən biridir".

Pərviz

0