K2-18b ekzoplaneti haqqında aparılan son tədqiqatlar, əvvəllər irəli sürülən bioloji fəallıq izlərinə dair fərqli bir baxış təqdim edir.
HİT.az xəbər verir ki, Ceyms Uebb Kosmik Teleskopunun məlumatları əsasında aparılan yeni təhlillər planetin atmosferi və mümkün su okeanları barədə yeni suallar yaradır.
Aprel ayında irəli sürülən bir iddia, K2-18b adlı ekzoplanetin atmosferində bioloji izlərin aşkar edilməsi ilə bağlı geniş əks-səda doğurmuşdu. Kembric Universitetindən olan tədqiqat qrupu, planetin atmosferindən süzülən işıqda bu günə qədər əldə edilən ən güclü bioloji fəallıq ipuçlarını kəşf etdiklərini iddia etmişdi. Lakin, həmin tədqiqatla bağlı aparılan yeni araşdırmalar bu iddianı şübhə altına alan və fərqli bir perspektiv təqdim edən nəticələr ortaya qoyub.
K2-18b Yerdən 124 işıq ili uzaqlıqda yerləşən Neptunaltı sinfinə aid bir planetdir. Yer kürəsindən təxminən 2,6 dəfə böyük olan bu planet, qırmızı cırtdan ulduzun yaşama zonasında orbitdə dönür. Kembric Universiteti qrupunun planetin atmosferində dimetil sulfid (DMS) və dimetil disulfid (DMDS) qazlarını aşkar etdiyi tədqiqat dünya miqyasında böyük maraq oyadıb. Bu qazlar Yerdə mikroblar və fitoplanktonlar tərəfindən istehsal olunduğu üçün bioloji fəallığın əlaməti kimi qiymətləndirilmişdi. Lakin bu kəşf bioloji izlərin dəqiq olaraq müəyyən edildiyi mənasını daşımırdı.
Tədqiqatçılar həmçinin planetin atmosferi altında nəhəng bir su okeanının yerləşdiyini və bu səbəbdən planetə "haisean" (hycean - hidrogen + okean) adını verdiklərini demişdilər. Bu günə qədər aparılan digər tədqiqatlar bu okeanın mövcudluğunu təsdiqləmək üçün aydın sübut təqdim edə bilmədi. Buna görə də okean iddiası mübahisəli bir mövzu olaraq qalıb.
Ceyms Uebb Kosmik Teleskopundan (JWST) əldə edilən yeni məlumatlar əsasında aparılan başqa bir araşdırma, K2-18b haqqında daha çox məlumat əldə etməyi hədəfləyirdi. Tədqiqatçılar planetin atmosferində su buxarı izi tapa bilməyiblər. Lakin bu vəziyyətin planetin mülayim quruluşuna baxmayaraq atmosferdəki "soyuq tələ" effektindən qaynaqlana biləcəyini düşünürlər. Yəni, planetin atmosferindəki aşağı temperaturlar buxarlanmanı məhdudlaşdıraraq su buxarı izlərinin aşkar edilməsini çətinləşdirmiş ola bilər.
Lakin, əvvəlki tədqiqatlarda irəli sürülən bioloji markerlər aparılan yeni təhlillərlə dəqiq aşkar sərhədlərini keçə bilməyib. Modellər göstərir ki, atmosferdə DMS-nin mövcudluğu təkcə bioloji mənbələrlə deyil, həm də cansız kimyəvi reaksiyalarla izah edilə bilər. Bu da bioloji markerlər axtararkən daha geniş perspektiv və fərqli molekulların nəzərə alınması zərurətini ortaya qoyur. Çünki Yerdən fərqli quruluşa malik ekzoplanetlərdə bizim planetimizdə bioloji marker kimi qəbul olunan kimyəvi izlər eyni funksiyanı daşıya bilməyə bilər.
Oksford Universitetindən Dr. Cek Teylor bu mövzuda əhəmiyyətli bir xəbərdarlıq edir. Teylor vurğulayır ki, hidrogen əsaslı atmosferə malik planetlərdə bioloji izlərin aşkar edilməsi son dərəcə çətindir, çünki bu qazların kimyəvi xüsusiyyətləri və müxtəlif təzyiqlərdə udma qabiliyyətləri tam başa düşülməyib.
Yeni tədqiqat "AAS Journals" dərc olunmağı gözləyir və ön çap versiyasına arXiv saytı vasitəsilə müraciət etmək olar.
Samir