ABŞ-Rusiya savaşı üçün zəmin hazırlanır? - ŞOK AÇIQLAMA

DÜNYA
09:44 / 05.08.2025
45

Son günlərdə ABŞ və Rusiya arasında gərginlik yaşanır. 

Belə ki, ABŞ Rusiya ilə sərhədə 2 nüvə sualtı qayığı göndərib. Rusiya isə Avropa ilə sərhədə hipersonik raketlər quraşdırıb. Hansı ki, onlarla Brüsseldəki NATO bazasını 17 dəqiqəyə vurmaq olar. 

Bəs bütün bunların fonunda Rusiya-ABŞ savaşı üçün zəmin hazırlandığını söyləmək olar?

Politoloq Turan Rzayev Hit.az-a açıqlamasında bildirib ki, bu, Rusiya-ABŞ savaşı üçün bir zəmin hazırlığı deyil:

379301

"Lakin bu, Rusiyanın geri çəkilməsi üçün atılan ciddi addımdır. Məsələ ondan ibarətdir ki, ABŞ-nin dəniz qüvvələri Rusiyadan qatbaqat çoxdur. Məsələn, SSRİ dövründə tərəflər dənizlərdə rəqabət aparardılar, soyuq müharibə dövründə isə başa-baş bir mübarizə gedirdi. Amma bu gün Rusiyanın donanması demək olar ki, ABŞ ilə müqayisədə çox zəifdir.

Hazırda ABŞ dünyanın ən böyük donanmalardan birinə sahibdir. Hansı ki, bu donanmanın arsenalında nüvə başlıqlı sualtı qayıqlar, habelə döyüş təyyarələrini daşıyan gəmilər var. Əlbəttə ki, bunları da saxlamaq kifayət qədər böyük xərc tələb edir". 

Onun sözlərinə görə, Rusiyanın belə bir imkanı yoxdur:

"Təbii ki, Rusiya bunu edə bilməz. Çünki Rusiya daha çox quru dövlətidir. Ona görə də bu təhlükələr əslində real təhlükələrdir. ABŞ Prezidenti Donald Tramp nüvə sualtı qayıqlarını göndərməsinin Rusiya üçün ciddi xəbərdarlıq olduğunu düşünürəm. Lakin bunu konkret müharibə öncəsi hazırlıq kimi qiymətləndirmək doğru deyil". 

Turan Rzayev diqqətə çatdırıb ki, ABŞ ilə Rusiya arasında bir müharibə olma ehtimalı çox aşağı səviyyədədir:

"Çünki bu, faktiki olaraq dünya müharibəsinə çevrilər. Əlbəttə ki, hansısa dövlət bunu istəməz. Hər nə qədər siyasi maraqlar kəsişsə də, dövlətlər iqtisadi maraqlarını qurban vermək istəməzlər. Nəzərə almaq lazımdır ki, bu iki dövlət arasındakı müharibə mövcud iqtisadi sistemi və dünya bazarını sarsıdar. Üstəlik, bərpası da çox çətin olar. 

Hesab edirəm ki, 2 nüvə sualtı qayığını sərhədə göndərmək bəlkə də Rusiyaya qarşı sonuncu və ən ciddi xəbərdarlıq olacaq. Amma mən bu dəfə Kremlin məsələyə qeyri-ciddi yanaşacağını düşünmürəm. Daha ciddi addımlar görə bilərik".

Pərviz

0