Cari ildə Putin və Zelenski görüşəcək? - ŞƏRH

DÜNYA
11:21 / 05.08.2025
64

Son günlərdə Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna lideri Volodimir Zelenskinin görüşəcəyi barədə iddialar yayılmaqdadır. 

Üstəlik, Kreml də sözügedən iddiaları təsdiqləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Zelenski ilə görüşə hazır olduğunu açıqlayıb. 

Maraqlıdır, bu il ərzində Putin və Zelenski arasında görüş keçirilə bilər? 

Mövzu ilə bağlı politoloq Turab Rzayev Hit.az-a açıqlama verib. O hesab edir ki, Rusiya maksimum şəkildə danışıqlar prosesini zamana yaymağa çalışır:

"Kremlin burada marağı var. Çünki Moskva hakimiyyəti düşünür ki, maksimum nə qədər danışıqları zamana yaysa, iki hədəfi gerçəkləşdirilmiş olacaq. 

Birincisi, Rusiya bu vəziyyətdən istifadə edib maksimum şəkildə hərbi əməliyyatlar keçirə, cəbhədə üstünlük qazana, yeni ərazilər işğal edə və strateji nöqtələri ələ keçirə bilər. Üstəlik, bunları etməklə Ukrayna daxilində qorxu yarada və Kiyev uğursuzluğa inandıra bilər. Faktiki olaraq, Rusiya burada zaman qazanmış olur". 

Politoloqun sözlərinə görə, keçən zaman Rusiyanın Avropa İttifaqında öz müttəfiqlərini gücləndirməsinə səbəb ola bilər:

"Rusiya çalışır ki, maksimum şəkildə Avropa İttifaqında parçalanma yaratsın. Eyni zamanda, Avropa İttifaqı ilə Qərb arasında da parçalanma yaradaraq, bundan maksimum şəkildə istifadə etsin və Qərbin bölgəyə gəlməsinin qarşısını almaq istəyir".

Ekspert Kremlin ikinci hədəfindən də söz açıb:

"Rusiya Ukraynaya olan yardımları dondurmağı düşünür. Çünki Rusiyanın danışıqlarda iştirak etməsi o deməkdir ki, sülh və ya ən azından atəşkəs yaxındadır. Bu da ABŞ-də Konqresin səsvermələrində və Avropada faktiki olaraq Ukraynaya edilən yardımları mənasız edir. Əgər Qərbdə bir sülh və atəşkəs varsa, niyə Ukraynaya milyardlarla dollarlıq silah göndərilməlidir? Yəni belə suallar ortaya çıxır". 

379307

Turab Rzayev qeyd edib ki, Rusiya bu versiyanı istifadə etməklə Ukraynaya silahların göndərilməsini xeyli yubada bilir:

"Məsələn, Tramp Putinə əvvəlcə 50, sonra isə 10 gün vaxt verdi. Ən azından hələ də Bayden dönəmində Ukrayna göndəriləcək yardım paketləri gecikdirilir. Çünki Tramp Kiyevə yardım göndərməyə həvəsli deyil. 

O, danışıqlarda maraqlıdır və yalnız danışıqlardan nəticə gözləyir. Beləliklə, Rusiya faktiki olaraq Ukraynaya əlavə silahların göndərilməsinin qarşısını alır və ya onu gecikdirilməsinə nail olur".

Pərviz
 

0