Türkiyə 2014-cü ildə Krımın işğalını tanımır və Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qətiyyətlə dəstəkləyir, həmçinin Krım tatarlarının hüquqlarını qorumaqda qərarlıdır.
HİT.az xəbər verir ki, bunu “Ukrinform”a müsahibəsində Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
"2014-cü ildə Krımın işğalını tanımayan Türkiyə Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini qətiyyətlə dəstəkləməyə davam edir. Biz Türkiyə olaraq Krım tatar qardaşlarımızın bütün hüquqlarını qorumaq və hər zaman onların yanında olmaq əzmindəyik", deyə Topçu bildirib.
Türkiyə prezidentinin baş müşaviri Rusiyanın işğalı altında olan Krım yarımadasında Krım tatarlarının sıxışdırıldığına diqqət çəkib:
"Krım tatar qardaşlarımız 2014-cü ildə demokratik hüquqlarından istifadə edərək ilhaqın əleyhinə çıxdılar. Bilirik ki, bu gün Krımda bir çox Krım tatar soydaşlarımız təzyiq altında yaşayır, söz və mətbuat azadlığı ilə üzləşirlər. Bundan başqa, həbsdə olan Krım tatarları haqqında da məlumatımız var".
O, Türkiyənin Krım tatarlarının Rusiya əsarətindən azad edilməsi üçün səylərini davam etdirdiyini vurğulayıb:
"Türkiyə Krım tatarlarının məruz qaldığı haqsızlıq məsələsini beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaqda davam edir. Krım tatarları öz vətənlərində öz kimliklərini qoruyub saxlayaraq, azad, təhlükəsiz və sülh içində yaşamaq hüququna malikdirlər".
Samir