"Bütün dünyanın diqqəti 15 avqustda ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçiriləcək görüşə yönəlib".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, görüş üçün Alyaskanın seçilməsi də çox maraqlıdır:
"Çünki Alyaska zamanında Rusiya tərəfindən ABŞ-yə satılmış bir ərazidir. Ona görə də hər iki tərəfin görüşünün bu məkanda keçirilməsi də maraq doğurur. 6 aydan çoxdur ki, Donald Trump ilə Vladimir Putin arasında görüş keçiriləcəyi fikirləri səsləndirilirdi. Artıq bununla bağlı yekun qərar verildi".
Ekspert görüşdə müzakirə ediləcək məsələlər barədə də danışıb:
"Düşünürəm ki, təkcə Ukrayna məsələsi müzakirə olunmayacaq. Hətta deyərdim ki, Ukrayna mövzusu burada heç əsas mövzu da olmayacaq. Çünki Trampın Ukrayna ilə bağlı mövqeyi ilk gündən bəllidir. Məncə, ABŞ lideri Ukrayna məsələsində Rusiyaya güzəştə getməyə belə hazırdır.
Ona görə ki, Tramp üçün əsas mövzular başqadır. Rusiya NATO-nun Şərqə doğru genişlənməsi prosesində əngəl olmaq üçün müharibəyə başladı. Nəticədə, Ukraynanın ərazilərinin təxminən yarısına qədəri işğal olundu.
Beləliklə, Ukrayna NATO-Rusiya mübarizəsinin qurbanına çevrildi. Fikrimcə, artıq Tramp bu məsələdə nadir elementlər və qiymətli metallar üzrə sazişin imzalanması ilə öz istəyinə nail oldu. Əvvəllər Donald Tramp Ukraynaya qarşı daha çox aqressiv idi. Çünki hələ o sənəd imzalanmamışdı. Həmin sənəd imzalandıqdan sonra artıq bu aqressivliyi biz görmədik".
Mütəxəssisin fikrincə görüşün əsas gündəm mövzusu gözlənilənin əksinə olaraq Ukrayna olmayacaq:
"Artıq bəllidir ki, Donald Tramp üçün Ukrayna prinsipial məsələ deyil. Düşünürəm ki, o görüşdən sonra artıq Tramp Cənubi Qafqaz kartından da Rusiyaya qarşı istifadə etməyə cəhd göstərəcək. Ümumiyyətlə, görüşdə tərəflər arasında İran, Çin, Cənubi Qafqaz kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir. Çünki bu məsələlərdə də Rusiyanı müəyyən qədər razı salmaq ABŞ üçün prioritet təşkil edir.
Bu səbəbdən də Ukraynanı qiyabi mövzu kimi qiymətləndirirəm. Əslində, liderlər də adətən bəyan olunmamış mövzularda danışırlar. Tramp-Putin görüşünə məntiqlə əsas səbəb Ukrayna hesab olunur. Amma hər bir halda belə bir tarixi şansdan istifadə edəcək Donald Tramp digər mövzuları mütləq şəkildə gündəmə gətirəcək".
Xəyal Bəşirovun sözlərinə görə, Donald Trampla yanaşı, Vladimir Putin də bu imkandan istifadə edib Rusiya üçün maraqlı olan, narahatedici məqamları səsləndirəcək:
"Hesab edirəm ki, orada çox sayda məsələ müzakirə olunacaq. Bu mövzular arasında Ukrayna, Qəzza, Suriya, İran, Çin, Cənubi Qafqaz və Mərkəzi Asiya məsələləri ola bilər".
Pərviz