XXI əsrdə hazırlanıb istifadəyə verilən 5-ci nəsil qırıcı təyyarələr hələ də güclü sayılır, yeni modellər isə hazırlıq mərhələsindədir. Bu siyahıya keçən il təqdim edilən Çin istehsalı Şenyan J-35 də daxildir.
HİT.az xəbər verir ki, bunu "Slash Gear" yazıb.
Məqalədə qeyd olunur: "Çinin başlıca iqtisadi və siyasi rəqibi ABŞ olduğundan, insanların dərhal J-35-i Amerikanın 5-ci nəsil qırıcısı F-35 Lightning II ilə müqayisə etməyə başlaması təbii haldır".
F-35-in təbiət qüvvəsi – ildırımın şərəfinə adlandırıldığı xatırladılır. ABŞ Hərbi Hava Qüvvələri Lightning II-ni "dünyanın ən müasir çoxməqsədli qırıcısı" adlandırır, ona görə də Çin J-35-in özünü mümkün qədər yaxşı göstərməsi vacibdir:
"Xoşbəxtlikdən, bu iki təyyarə arasında döyüşə səbəb olan münaqişələr baş verməyib (baxmayaraq ki, Çin sınaq və təlim üçün F-35 maketlərindən istifadə edə bilər). ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yaxşı qırıcısı ilə çinlisini müqayisə etmək üçün texniki xüsusiyyətlərə və digər məlum xarakteristikalara baxmaq ən yaxşı üsuldur".
Ekspertlərə görə F-35-in uzunluğu 15 metr, hündürlüyü 4 metr, qanad sahəsi isə 10 metrdir. Boş təyyarənin çəkisi 13.290 kq, daşıya biləcəyi yanacaq miqdarı isə 8.278 kq-dır:
"J-35 haqqında daha az məlumat var, çünki o hələ gizli saxlanılır. Lakin təyyarənin müşahidələrinə əsaslanan təxminlər mövcuddur. Hesab edilir ki, yer platformalarından qalxmaq üçün nəzərdə tutulan J-35A modelinin uzunluğu təxminən 17 metr, hündürlüyü 5 metr, qanad sahəsi isə 11 metrdir. Bu ölçülərə əsasən J-35 F-35-dən bir qədər böyükdür".
F-35 tam yüklü halda saatda 1900 km maksimum sürətə çata bilir. J-35-in isə Lightning II-dən 273 km/saat daha sürətli olduğu təxmin edilir:
"Hər iki qırıcının mühərrik konfiqurasiyaları fərqli olduğundan sürətlərinin eyni olmaması təəccüblü deyil. F-35 üçün xüsusi hazırlanmış Pratt & Whitney F135 turbo-reaktiv mühərriki 18.000 kq-dan çox dartı gücü təmin edir. J-35A isə əvvəllər iki WS-13 mühərriki ilə təchiz edilmişdi, indi isə iki WS-19 Huangshan mühərriki ilə modernləşdirilib".
Analitiklər qeyd edir ki, hər iki modeldə gizlilik texnologiyalarına üstünlük verilir:
"Hər iki təyyarənin aerodinamik profilləri V-formalıdır. Bu təkcə radar siqnallarını daha yaxşı əks etdirmir, həm də turbulensiyanı azaldır. Lakin J-35A-nın daha geniş stabilizatorları var və onlar F-35-dəkindən daha az itidir. Bu o demək ola bilər ki, Çin hərbi strategiyaları F-35-dən daha çox manevr qabiliyyətinə üstünlük verir".
J-35 yeni model olduğundan Çin onu hələ başqa ölkələrə satmayıb və ya hərbi təşkilatlarla paylaşmayıb. Lakin hər iki qırıcı hazırlanmış ən müasir təyyarələr adına iddiaçıdır.
Samir