Tramp Qəzzadakı müharibəni bitirsə, Nobel Sülh Mükafatı alacaq?

DÜNYA
09:12 / 19.08.2025
48

"Qəzzada müharibəni dayandırmaq başqa bir şeydir, İsrail-Fələstin münaqişəsini həll etmək tamam başqa bir şeydir".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Qəzzada atəşkəs elan etməyin belə müvəqqəti bir addım olacağını unutmamaq lazımdır:

"ABŞ Prezidenti Donald Tramp Qəzzadakı müharibəni dayandırmaq istəyir. O, ilk olaraq atəşkəsə nail olmağı hədəfləyir. Bunun Tramp üçün o qədər də çətin olacağını zənn etmirəm. Çünki onun əlində İsrailə və bu ölkənin Baş naziri Benyamin Netanyahuya böyük təsir imkanları var. Bu imkanlarla isə istənilən an müharibəni dayandıra bilər".

380025

Lakin ekspert qeyd edib ki, Qəzzada müharibənin dayandırılması İsrail-Fələstin münaqişəsinin həll edilməsi demək deyil:

"Əslində, Qəzzada gedən müharibə İsrail-Fələstin probleminin həll olunmamasının nəticəsidir. Müvəqqəti olaraq Qəzzada müharibəni dayandırmaq mümkün olsa da, bir müddətdən sonra yenidən başlaya bilər. Ona görə deyirəm ki, Qəzzada müharibəni dayandırmaq başqa, İsrail-Fələstin münaqişəsini həll etmək başqa şeydir".

Politoloq vurğulayıb ki, İsrail-Fələstin münaqişəsinin həlli dərin və çətin problemdir:

"Amma Trampın əlində bu problemin həlli üçün imkanlar var. Lakin onun bu imkanlardan istifadə edib-etməyəcəyi bəlli deyil". 

Aydın Quliyevin sözlərinə görə, Donald Tramp Qəzzadakı müharibəni dayandırsa, Nobel Sülh Mükafatına layiq görülə bilər:

"Qəzzada müharibənin dayandırılması Trampın Nobel Sülh Mükafatı almasına təsir göstərə və prosesi sürətləndirə bilər. Donald Tramp bir neçə yerdə münaqişələri köklü həll etməsə də, müharibələri dayandırıb. Əgər Qəzzada və Ukraynadakı savaşı da bitirsə, Nobel Sülh Mükafatına layiq görülə bilər".

Pərviz

0