30 ölkə Ukrayna üçün təhlükəsizlik zəmanəti konsepsiyası üzərində işləyir - NATO

DÜNYA
12:50 / 19.08.2025
46

Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkədən ibarət qrup bir neçə aydır ki, Ukrayna üçün təhlükəsizlik zəmanəti konsepsiyası üzərində işləyir.

HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Amerikanın “Fox News” telekanalına müsahibəsində deyib.

“Son bir neçə ay ərzində Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi altında Yaponiya və Avstraliya da daxil olmaqla 30 ölkə uzunmüddətli atəşkəsdən sonra və ya daha yaxşısı, tamhüquqlu sülh sazişi çərçivəsində təhlükəsizlik zəmanətləri konsepsiyası üzərində işləyir", deyə Rutte qeyd edib.

O əlavə edib ki, ABŞ-ın məhz bu təhlükəsizlik zəmanətlərinə necə cəlb olunacağı yaxın günlərdə müzakirə olunacaq: "Biz bu təhlükəsizlik zəmanətləri ilə bağlı daha ətraflı müzakirə etməliyik".

Rutte həmçinin ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə qoşulmağa hazır olduğunu ifadə etməsini “əsl irəliləyiş” adlandırıb. Onun sözlərinə görə, hazırda NATO-nun 5-ci maddəsinə oxşar təhlükəsizlik təminatlarından danışırlar, lakin detallar hələ də müzakirə olunur.

Qeyd edək ki, bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evin Oval kabinetində ABŞ lideri Donald Trampla ikitərəfli formatda görüşüb. Görüş zamanı Zelenski Amerika və Avropa liderlərinin müharibəyə son qoymaq üçün diplomatik yol tapmağa kömək edəcəklərinə ümid etdiyini və Ukrayna, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşünü gözlədiyini bildirib.

Ukraynada müharibənin dayandırılması yollarını müzakirə etmək üçün Vaşinqtona gələn ABŞ və Ukrayna prezidentlərinin, Avropa liderlərinin iştirakı ilə geniş tərkibdə görüş də keçirilib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen Vaşinqtona səfəri zamanı bildirib ki, Avropa liderləri Ukraynada qan tökülməsinə son qoymaq üçün ABŞ prezidenti ilə işləyirlər.

Samir

0