NYT: Almaniya kansleri Vaşinqtonda diplomatik qalmaqala səbəb olub

DÜNYA
16:06 / 20.08.2025
41

Almaniya kansleri Fridrix Merz Ukrayna ilə bağlı danışıqların ancaq atəşkəsdən sonra baş tutacağını bəyan etməklə Ağ Evdə az qala diplomatik qalmaqala səbəb olacaqmış.

HİT.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazıb.

Qəzet yazır ki, diplomatik qalmaqala ən yaxın vəziyyət Merzin Zelenski ilə Putin arasında danışıqların ancaq atəşkəsdən sonra baş tuta biləcəyini yenidən kamera qarşısında deməsi olub.

Məlumata görə, Merz Ağ Evdəki danışıqların kənarında Trampı buna inandırmağa çalışıb.

Avqustun 18-də Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında görüş olub. Daha sonra Tramp Avropa dövlət başçılarını qəbul edib. Görüş Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada apardığı danışıqlardan bir neçə gün sonra baş tutub. Ağ Ev rəhbəri Kiyev və Avropa ilə Ukraynadakı münaqişənin həlli variantlarını, həmçinin ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin keçirilməsi imkanlarını müzakirə edib. Trampın vasitəçi qismində daha sonra Putinlə Zelenski arasında görüş təşkil ediləcəyi gözlənilir.

Məlumdur ki, Vaşinqtonda Ukrayna üçün təhlükəsizlik təminatları müzakirə olunub. Tramp ABŞ-ın onların təmin olunmasında köməklik göstərəcəyinə inandırıb, lakin əsas məsuliyyətin Avropa ölkələrinin üzərinə düşməli olduğunu vurğulayıb. Avropa İttifaqının liderləri Kiyevin NATO-ya üzvlüyü ilə birbaşa əlaqəli olmayan kollektiv zəmanət ideyasını dəstəkləyiblər.

Samir

0