"Son zamanlarda həm Rusiya Prezidenti Vladimir Putinin, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşə hazır olmaları ilə bağlı fikirlər səsləndirilir".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, 4 ilə yaxındır davam edən Rusya-Ukrayna müharibəsi dönəmində ilk dəfə hər iki liderin görüşə razı olmalarıyla bağlı fikir var:
"Ancaq bu görüşün harada keçiriləcəyi ilə bağlı sual ortaya çıxır. Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi ilə bağlı qəti olmasa da bəzi məlumatlar verilib. Ukraynanın bir çox ərazilərinin, xüsusilə Kırımın Rusiyaya verilməsi, Xerson, Zaporojye, Donetsk və Luqanskın rusların nəzarətində qalması, Rusiyanın nəzarətində olan digər ərazilərin isə Ukraynaya qaytarılması məsələsinin müzakirə olunacağı iddiaları var. Hazırda Ukraynaya veriləcək təhlükəsizlik təminatının məsələsi də müzakirə olunur".
Ekspert qeyd edib ki, görüşün harada keçiriləcəyi ilə bağlı müxtəlif fikirlər var:
"Rusiya Prezidenti Vladimir Putin görüşün Moskvada keçirilməsi ilə bağlı təklif verib, lakin Zelenski təbii olaraq bu təklifi rədd edib. Çünki hazırkı mərhələdə liderlərdən birinin digərinin ərazisinə getməsi real görünmür. Ümumiyyətlə, münaqişə tərəflərindən birinin digər tərəfə getməsi gözlənilən hal deyil.
Digər təklif Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilən Cenevrədir. Lakin bu da real görünmür. Başqa bir təklif isə Budapeşt olsa da, o da inandırıcı deyil. Əslində, Avropa dövlətləri buna müsbət yanaşmayacaqlar. Çünki Budapeşt Macarıstanın paytaxtıdır. Macarıstan dövlətinin isə hansı mövqe tutduğunu bilirik. Onlar, birmənalı şəkildə Ukraynaya qarşı olara Rusiyanın yanında yer aldılar".
Mütəxəssis diqqətə çatdırıb ki, görüş üçün ən real platformalardan biri kimi Türkiyənin adı çəkilə bilər:
"Nəzərə almaq lazımdır ki, Türkiyə həm Rusya, həm də Ukrayna ilə münaqişənin başlanmasına və davam etməsinə baxmayaraq münasibətlərini qoruyub saxlayıb. Bu məsələ üzərində neytral və ədalətli mövqe tuta bilib. Üstəlik, indiyə qədər qardaş ölkədə bir sıra yüksək səviyyəli görüşlər keçirilib.
Eyni zamanda, Rusiya və Ukrayna rəhbərliyinin Türkiyəyə etimadı Avropa dövlətlərinə nisbətən daha yüksəkdir. Ona görə də Türkiyədə aparılacaq danışıqların nəticələri də real görünür. Keçmiş uğurlu görüşləri də nəzərə alsaq, Türkiyə real platforma kimi qiymətləndirilə bilər".
Xəyal Bəşirov Putin-Zelenski görüşündə müzakirə ediləcək məsələlər barədə də danışıb:
"Ukrayna Prezidenti Volodimir artıq Zelenski əvvəlki ritorikası ilə danışmır. O, heç bir halda Rusiyanın Ukraynaya irəli sürdüyü şərtlər əsasında müzakirələr aparmayacağı və ərazilərin dəyişdirilməsi məsələsində iştirak etməyəcəyi barədə əvvəlki ritorikasını artıq kənara qoyub. Zelenski artıq Ukrayna itirdiyi təhlükəsizlik təminatlarından və ərazi mübadiləsindən danışır.
Eyni zamanda, ABŞ-də də Ukraynaya əvvəlki ritorika dəyişib. Prezident Donald Trampın dövründə Zelenski və Ukrayna hökumətindən ABŞ-dən verilən 100 milyard dollar dəyərində yardımların hesabını tələb olundu. Tramp Zelenski əvvəl "seçkisiz diktator" adlandırılırdı və Ukraynaya yardım etməyəcəyini deyirdi. Amma bu ritorika dəyişdi, çünki Donald Tramp istədiyinə nail oldu. O, Zelenski ilə qiymətli metallar üzrə sənəd imzaladı və Ukraynadan maksimum fayda aldı".
Həmsöhbətimiz vurğulayıb ki, Rusiyanın da bu məsələdə danışıqlara hazır olduğu görünür:
"Bu fürsətdən istifadə edən Tramp görüşləri mümkün qədər tez keçirməyə çalışır. Yenə deyirəm görüş üçün ən real platforma kimi Türkiyə görünür. Bundan başqa, ərəb dövlətləri də ola bilər. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri və ya digər ərəb dövlətlərindən birinin seçilmə ehtimalı da yükəkdir".
Pərviz