Paris, Barselona və ya Venesiya kimi populyar şəhərlər turist axını ilə əlaqədar problemlər yaşayarkən, bəzi digər Avropa paytaxtları isə qonaq çatışmazlığından şikayətlənir.
HİT.az xəbər verir ki, "Reuters"in yazdığına görə, Almaniyanın paytaxtı Berlin Avropanın digər yerlərində müşahidə edilən pandemiyadan sonrakı turizm bumundan geri qalan turizm sektorunu stimullaşdırmaq üçün öz qabaqcıl incəsənət səhnəsini, Prussiya saraylarını və məşhur texno klublarını aktiv şəkildə təşviq etməyə başlayıb.
"Bizdə həddindən artıq turizm problemi həqiqətən də yoxdur. Şəhər böyükdür və insanlar müxtəlif yerlərdə yerləşdiriliblər. Xüsusilə yayda, berlinlilər şəhərdən çıxanda, burada kifayət qədər yer vardeyə Berlin Turizm Şurası "VisitBerlin"in nümayəndəsi Kristian Tenzler bildirib.
Yerli statistik idarəsinin məlumatlarına görə, təxminən 4 milyon əhalisi olan Berlini 2025-ci ilin ilk yarısında 5,9 milyon turist (13,9 milyon gecə qalma) ziyarət edib. Bu, bir il əvvəlki göstəricidən müvafiq olaraq 1,8% və 2,9% aşağıdır. Eyni zamanda, ilin ilk yarısında beynəlxalq gəlişlərin sayı 4,7% azalıb və eyni dövrdə otellərin orta doluluk göstəricisi 52,8% təşkil edib ki, bu da Madrid (65%) və Parisin (79%) göstəricilərindən aşağıdır.
Müqayisə üçün, 2019-cu il pandemiyasından əvvəl Berlini təxminən 14 milyon turist ziyarət etmişdi və onlar şəhərdə 34 milyon gecə qalmışdılar.
Eyni zamanda, "DIW Econ" tədqiqatının qiymətləndirmələrinə görə, 2023-cü ildə turizm, dolayı amillər də daxil olmaqla, Berlinin ÜDM-nin 4,6%-ni təmin etmişdir, halbuki Paris və Romada turizm təxminən yerli iqtisadiyyatın 14%-ni, Madriddə isə 8%-ni təşkil edir.
Bəzi turizm təşkilatları isti iqlim tendensiyalarının gələn illərdə tələbi şimala doğru dəyişəcəyinə ümid edirlər. Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin tədqiqatı göstərib ki, isti dalğalar yayın zirvəsində cənub istiqamətlərinin cəlbediciliyini azaldır.
"Gələn illərdə bu tendensiya özünü tamamilə göstərə bilər, lakin hələlik bunun sübutu azdır", deyə "Capital Economics"dən Avropa iqtisadçısı Adrian Prettejon qeyd edib və hələlik yalnız mövsümdənkənar dövrə doğru dəyişmənin müşahidə olunduğunu vurğulayıb.
Öz növbəsində Tenzler bildirib ki, maksimum yay temperaturu adətən 25 dərəcə Selsi ətrafında olan Berlin daha sərin iqlim axtaran turistləri cəlb etməlidir: "Biz çox yaşıl bir şəhərik, çoxlu su və üzmək imkanları, həmçinin çoxlu kölgəli yerlərimiz var... Düşünürəm ki, gələcəkdə bu daha da əhəmiyyət kəsb edəcək".
Bu arada sənaye təhlilçiləri xarici turistlərin sayının zəif artımını qismən Berlinin yeni hava limanının 2020-ci ildə açılması ilə izah edirlər. Belə ki, 2024-cü ildə Berlin-Brandenburq hava limanından istifadə edən sərnişinlərin sayı 10,4% artaraq 25,5 milyon nəfərə çatıb ki, bu da 2019-cu ildə köhnə Teqel və Şönefeld hava limanlarının xidmət göstərdiyi 35,7 milyon sərnişindən əhəmiyyətli dərəcədə aşağıdır.
Bu fonda Almaniyada, xüsusilə daha yüksək hava limanı rüsumları səbəbindən təyyarə bileti qiymətlərində kəskin artım qeydə alınıb. Məsələn, büdcəli aviaşirkət Ryanair 2024-cü ilin avqustunda Berlinə uçuşların 20% azaldılması barədə açıqlama edib. Bundan əvvəl Ryanair DAC-nin baş direktori Eddi Vilson dəfələrlə vergilərə etiraz etmişdi.
Bununla belə, təyyarə bileti qiymətlərinin artımına baxmayaraq, Berlinin restoranları, otelləri və görməli yerləri nisbətən əlçatandır.
"Berlində qiymətlər tamamilə mülayimdir", deyə "Staendige Vertretung" restoranının tərəfdaş-meneceri Yan Filip Bubinger qeyd edib.
Bundan əlavə, bəziləri Berlinin turizm statistikasının yetərsiz olmasını ənənəvi olaraq şəhərin əsas gəlir mənbələrindən biri olan mədəniyyət sektorunda kəsintilər haqqında aylarla davam edən mənfi xəbərlərlə əlaqələndirirlər - Berlin hökuməti 2025-ci il üçün mədəniyyət büdcəsini təxminən 130 milyon avro azaltmağı planlaşdırır.
"Burada baş verənlər – fəlakətlı büdcə tərtibatıdır. Əgər mədəniyyətin itdiyi təəssüratı yaransaydı, mən Berlinə səfərimdən imtina edərdim", deyə Yaşıllar Partiyasının deputatı Julian Şvartze bildirib.
Samir