"Son zamanlarda Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsi məsələsi gündəmə gəlib. Lakin "ərazi mübadiləsi" ifadəsi doğru deyil".
Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, əslində Rusiyanın mübadilə ediləcək bir ərazisindən söhbət getmir:
"Faktiki olaraq, Ukrayna və Rusiya arasında ərazi mübadiləsi gündəmdə deyil. Sadəcə işğal edilmiş ərazilərin bir qisminin qaytarılması, bir qisminin isə Rusiyada qalması məsələsi var. Danışıqlar da məhz bu yöndə gedir. Əlbəttə ki, bunun adı ərazi mübadiləsi deyil, ərazi güzəşti hesabına sülhdür".
Lakin ekspert bunu indiki vəziyyət üçün real variant hesab edir:
"Rusiya bu məsələdə istəklidir. Kremli yeganə narahat edən məsələ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsidir. Çünki bu, sərhədə ABŞ və NATO qoşunlarının gəlməsi deməkdir.
Rəsmi Moskva bunu istəmir, amma ABŞ Prezidenti Donald Tramp onları razı salmağa çalışır. Daha dəqiq desək, Ağ Ev rəhbəri Rusiyanı bu yöndə, Ukraynanı da ərazi mübadiləsinə razılaşdırmaq istəyir".
Turan Rzayev diqqətə çatdırıb ki, Ukrayna ərazi mübadiləsi ideyasını qəbul etmir:
"Kiyevin bunu rəsmən qəbul etdiyini demək olmaz. Lakin ən azından ABŞ rəsmiləri onları razı salmaq üçün əllərindən gələni edirlər. Düşünürəm ki, Trampın yanaşmaları get-gedə prosesi Finlandiya modelinə bənzədir.
Vaxtilə II Dünya Müharibəsi ərəfəsində SSRİ-Finlandiya müharibəsində, SSRİ Finlandiyanın bəzi bölgələrini işğal etmişdi. Lakin razılaşmaya əsasən, Finlandiya həmin ərazilərin işğalda qalmasını qəbul etdi. Bunun qarşılığında da sabit və Qərbəmeyilli siyasət yürütdü. Ancaq təbii ki, Ukraynada da belə ssenarinin olacağını əminliklə demək olmaz. Buna baxmayaraq, prosesin bu istiqamətdə getdiyi görünür."
Pərviz