ABŞ-ın Miçiqan ştatında aparılan genişmiqyaslı araşdırma nadir ilan növü olan şərq massasauqa çınqıllı ilanların ciddi təhlükə ilə üz-üzə qaldığını üzə çıxarıb.
HİT.az xəbər verir ki, nəticələr "PNAS" jurnalında dərc olunub.
Alimlər 15 il ərzində minə yaxın ilanı tutaraq onların DNT-sini analiz ediblər. Məlum olub ki, yaşayış mühitinin parçalanması - yollar, kənd təsərrüfatı sahələri və yaşayış tikililəri - bu ilanların yaxın qohumlarla cütləşməsinə gətirib çıxarır. Bunun nəticəsində balaların yaşama ehtimalı 13 faiz, ömür uzunluğu isə 12 faiz azalıb.
"Bir yolun belə populyasiyaları təcrid etməsi kifayətdir", deyə Miçiqan Universitetinin professoru Sara Fitspatrik bildirib.
Bioloqlar xəbərdarlıq edirlər ki, əgər vəziyyət dəyişməsə, artıq nəsli kəsilmə təhlükəsi altında olan bu növ tamamilə yox ola bilər. Halbuki massasauqalar təbiətdə vacib rol oynayır – onlar gəmiricilərin sayını tənzimləyirlər.
Mütəxəssislər genetik müxtəlifliyi qorumaq üçün ekoloji dəhlizlərin yaradılmasını, yeraltı keçidlərin inşasını və su-bataqlıq ərazilərin bərpasını təklif edirlər.
Samir